Sizi təhdid edirlər?

Sual

Salam, mən 15 yaşındayam. Bir oğlan məni davamlı təhdid edir. Məni öldürəcəyini, gördüyü yerdə mənə zərər yetirəcəyini deyir. Məndən başqa mənim dostumu da narahat edir. Məndən buna görə bir dəfə pul istədi, mən də verdim. Yenə də məndən əl çəkmir. Mənə yazdığı mesajları silsəm də, çıxartdıra bilərəm. Feysbuk ünvanımda yazdığı mesajlar qalır. Anamın bu məsələdən xəbəri var. Oğlan çox əsəbi və təhlükəli insandır. Dostumu bir dəfə döyüb. Mən nə edə bilərəm?

 

Cavab

 

Yetkinlik yaşına çatmadığınızı nəzərə alaraq, Sizin adınızdan valideynləriniz polisə müraciət edə bilərlər. Sualınızın məzmunundan belə başa düşülür ki, həmin şəxs Sizi hədələyib və Sizdən pul tələb edib. Bu fakt təsdiqlənsə (telefonunuza və feysbuk ünvanınıza yazılan mesajları və dostunuzun da ifadə verəcəyi ehtimalını nəzərə alaraq bu faktın sübuta yetirilməsi mümkündür),  Sizə hədə-qorxu gələn şəxs Cinayət Məcəlləsinin 182-ci (Hədə-qorxu ilə tələb etmə) maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb oluna bilər. Həmin maddəyə əsasən, hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Əgər, Sizə hədə-qorxu gələn şəxs tamah məqsədi olmadan Sizi öldürməklə və ya Sizin sağlamlığınıza ağır zərər vurmaqla hədələyirsə və hədənin icra ediləcəyi üçün real əsaslar mövcuddursa, bu halda həmin şəxs Cinayət Məcəlləsinin 134-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb oluna bilər. Bu maddəyə əsasən iki yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.

Əlavə olaraq bildiririk ki, cinayət törədənədək on altı yaşı tamam olmuş şəxs cinayət məsuliyyətinə cəlb edilir. On dörd yaşı tamam olmuş şəxs isə hədə-qorxu ilə tələb etməyə (Cinayət Məcəlləsinin 182-ci maddəsi) görə cinayət məsuliyyətinə cəlb edilə biləcəyi halda, öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələməyə (Cinayət Məcəlləsinin 134-cü maddəsi) görə cinayət məsuliyyətinə cəlb edilə bilməz.

Unutmayın ki, heç kəs Sizinlə belə rəftar edə bilməz. Hüquqlarınızı öyrənin, tətbiq edin, öyrədin, təşviq edin!

 

Remedium Hüquq Klinikası

Comments:

 

Xəbərlər

21.11.2014

CPM-ə Edilən Dəyişikliklər Mövcud Praktikanı Dəyişir.

Son günlər ərzində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə edilən dəyişikliklər illər ərzində mö...

30.09.2014

FIDIC Müqavilələri və onların əsas xüsusiyyətləri mövzusunda iki günlük təlim keçirildi.

“Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası”İctimai Birliyi ilə Remedium Hüquq Mərkəzinin əməkdaşlığı çə...

28.08.2014

Remedium HM-nın həmtəsisçisi və Remedium HK-nın koordinatoru vəkil adını qazandılar.

Remedium Hüquq Mərkəzinin həmtəsisçisi Fuad Qəşəmov və Remedium Hüquq Klinikasının koordinatoru Faiq Kazımov ...