Dövlət rüsumunun yeni məbləğləri

SUAL

Salam. Mən Sumqayıt şəhər sakiniyəm. Mənim yaşlı atamdan notariusda sənədin surətinin təsdiqlənməsi üçün 1 sənədə 6 manatdan cəmi 36 manat pul alıblar. Sənədin arxasında isə "2.50+2.50=5 manat dövlət rüsumu alınıb" qeyd olunub. Bu nə dərəcədə doğrudur? Mənim zənnimcə bu iş üçün rüsum çox az 0,25 manat olmalıdır. Xahiş edirəm sualımı cavablandırasınız. Təşəkkür.

 

CAVAB

Sualınıza cavab olaraq bildirmək istəyirik ki, notariat kontorları tərəfindən notariat hərəkətlərinin aparılmasına görə dövlət rüsumunun dərəcələri "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə, notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə görə haqqın məbləği isə “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

Qeyd etməyi zəruri hesab edirik ki, 21 dekabr 2012-ci il tarixində "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununa rüsumların məbləğləri ilə bağlı dəyişikliklər edilmişdir. Hal-hazırda qüvvədə olan "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 10.18-ci maddəsinə əsasən sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünün təsdiqi (hər səhifəyə görə), sənədlərdən surət və çıxarışların düzgünlüyünün təsdiqi və vətəndaşla fotoşəkildəki şəxsin eyniliyinin təsdiqi üçün 2 manat və sənədlərdən surət və çıxarışların düzgünlüyünün təsdiqi üçün hər səhifəyə görə əlavə 0,50 manat nəzərdə tutulmuşdur.

“Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 29-cu maddəsinin birinci abzasına əsasən dövlət notariusları həmin qanunun 17-ci maddəsinin birinci hissəsinin 6-cı (sənədlərin surətlərinin və sənədlərdən çıxarışların düzgünlüyünü təsdiq edilməsi) və 8-ci bəndlərində nəzərdə tutulmuş notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə (məsləhətlərin verilməsi, əqdlərin, ərizələrin və digər sənədlərin layihələrinin tərtib edilməsi, texniki işlərin yerinə yetirilməsi) görə həmin hərəkətlərin aparılması üçün müəyyən edilmiş dövlət rüsumu məbləğində, bu qanunun 17-ci maddəsinin birinci hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə görə isə həmin hərəkətlərin aparılması üçün müəyyən edilmiş dövlət rüsumu məbləğinin 15 faizi miqdarında haqq tuturlar.

Göründüyü kimi, sənədin arxa tərəfində "2.50+2.50=5 manat dövlət rüsumu alınıb" qeyd olunması Azərbaycan Respublikası qüvvədə olan qanunvericiliyinin tələbinə uyğundur.

"Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 4.3-cü maddəsinə əsasən dövlət rüsumları milli valyutada nağd, elektron ödəmə sistemləri, o cümlədən internet vasitəsilə və köçürmə yolu ilə dövlət büdcəsinə ödənilir. Dövlət rüsumunun dövlət büdcəsinə nağd şəkildə ödənilməsi barədə ödəyiciyə müəyyən edilmiş formada bank və ya poçt qəbzinin əsli, elektron ödəmə sistemləri, o cümlədən internet vasitəsilə ödənildikdə müvafiq ödəmə sistemindən çıxarış, ödəyicinin hesabından köçürüldükdə isə ödənişin icrasını təsdiqləyən bank və ya poçt sənədi verilir.

Odur ki, notariat hərəkətləri ilə əlaqədar dövlət rüsumu ödəyərkən qəbzin əslini tələb etməyi və qanunvericiliklə müəyyən edilmiş məbləğdən artıq ödəməməyi tövsiyyə edirik.

Remedium Hüquq Klinikası

Comments:

 

Xəbərlər

21.11.2014

CPM-ə Edilən Dəyişikliklər Mövcud Praktikanı Dəyişir.

Son günlər ərzində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə edilən dəyişikliklər illər ərzində mö...

30.09.2014

FIDIC Müqavilələri və onların əsas xüsusiyyətləri mövzusunda iki günlük təlim keçirildi.

“Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası”İctimai Birliyi ilə Remedium Hüquq Mərkəzinin əməkdaşlığı çə...

28.08.2014

Remedium HM-nın həmtəsisçisi və Remedium HK-nın koordinatoru vəkil adını qazandılar.

Remedium Hüquq Mərkəzinin həmtəsisçisi Fuad Qəşəmov və Remedium Hüquq Klinikasının koordinatoru Faiq Kazımov ...