Diplomum apostil möhürü olmadan tanına bilər?

SUAL

Salam. Mən 1996-cı ildə Moskva Dövlət Turizm və Xidmətlər Universitetinin iqtisadiyyat fakultəsini bitirmişəm. 2009-cu ilə qədər Rusiyada ixtisasim üzrə işləmişəm. 2010-cu ildən Azərbaycanda qeyri hökumət təşkilatında baş mühasib işləyirəm.2012-ci ilin oktyabr ayında dövlət təşkilatına işə girmək istədim. Mənə dedilər ki, xarici dövlət tərəfindən verilmiş diplom Azərbaycanın Təhsil Nazirliyi tərəfindən leqallaşdırılmalıdır. Oktyabr ayında sənədlərimi Təhsil Nazirliyinə təqdim etmişəm. Bir aydan sonra mənə məktub gəlib ki, diploma Rusiya Təhsil Nazirliyində apostil möhürü vurulmalıdır.Mən Rusiyanın Təhsil Nazirliyinə müraciət etmişəm.Oradan mənə cavab veriblər ki, 1.Azərbaycan və Rusiya dövlərləri arasında razılaşma var ki, bir ölkənin verdiyi diplom o biri ölkədə apostil möhürü olmadan da leqallaşdırıla bilər. 2.Apostil üçün diplomu şəxsən təqdim etmək lazımdır. Bütün bunlar barəsində məsləhət verməyinizi Sizdən xahiş edirəm.

CAVAB

 

Salam. Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikasının Təhsil haqqında Qanununun 27.4-cü maddəsinə əsasən xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Təhsil haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən həmin Qanunun 27.4-cü maddəsində nəzərdə tutulan nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli , 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası)” Qaydalarının 1.2-ci maddəsinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. Həmin Qaydaların 2.1-ci maddəsinə əsasən ali təhsil sahəsində ixtisasın tanınması barədə müraciətə (ərizəyə) aşağıdakılar əlavə edilir:

  • ali təhsil haqqında sənəd;
  • dövlət rüsumunun ödənilməsi barədə qəbz
  • tədris olunmuş fənlər, onların həcmi, alınmış yekun qiymətlər, təcrübə, kurs və buraxılış işlərinin nəticələri və tədris prosesini təşkil edən digər göstəricilər qeyd olunmaqla ali təhsil haqqında sənədə əlavə.

Ərizəçi öz hazırlıq səviyyəsinin müvafiq peşə fəaliyyətinə icazə verməsini və praktik təcrübəsini təsdiq edən sənədlər də təqdim edə bilər. Ali təhsil haqqında sənəd və ona əlavənin Azərbaycan dilinə tərcüməsi və notarial qaydada təsdiqi bir qayda olaraq, Azərbaycan Respublikasının ali təhsil haqqında sənəd verən ölkədəki Səfirliyində (Konsulluğunda) və ya Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq idarəsində leqallaşdırılmalıdır.

Həmin Qaydaların 4.1-ci maddəsinə əsasən xarici dövlətin ali təhsil sahəsində ixtisasının tanınması və ekvivalentlik haqqında Şəhadətnamə Azərbaycan Respublikasının təhsil naziri tərəfindən imzalanır, nazirliyin gerbli möhürü ilə təsdiq edilir, ərizəçiyə və ya onu müvafiq qaydada rəsmi təmsil edən şəxsə verilir yaxud da bildirişli poçtla göndərilir.

5 oktyabr 1961-ci il tarixli “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən” Haaqa Konvensiyasının (Azərbaycan Respublikası 5 mart 2004-cü il tarixli Qanunla bu Konvensiyaya qoşulmuşdur, Rusiya Federasiyası da bu Konvensiyanın iştirakçısıdır) 2-ci maddəsinə əsasən Razılığa gələn hər bir Dövlət bu Konvensiyanın tətbiq edildiyi və onun ərazisində təqdim olunmalı sənədləri leqallaşdırmadan azad edir. Bu Konvensiyanın məqsədləri üçün leqallaşdırma dedikdə, imzanın həqiqiliyini, sənədi imzalamış şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün sənədin təqdim ediləcəyi ölkənin diplomatik və konsulluq idarələrinin istifadə etdiyi formallıqlar başa düşülür. Həmin Konvensiyanın 3-cü maddəsinə əsasən imzanın həqiqiliyini, sənədi imza etmiş şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün tələb oluna biləcək yeganə formallıq, həmin sənədin təqdim edildiyi dövlətin səlahiyyətli orqanı tərəfindən 4-cü maddədə nəzərdə tutulan şəhadətnamənin əlavə edilməsidir. Konvensiyanın 4-cü maddəsinə əsasən 3-cü maddənin birinci abzasında nəzərdə tutulan şəhadətnamə sənədin özündə və ya sənədə əlavə edilən ayrıca vərəqdə əks etdirilir, həmin şəhadətnamə bu Konvensiyaya əlavə edilmiş nümunəyə uyğun olmalıdır. Lakin şəhadətnamə onu verən orqanın rəsmi dilində tərtib edilə bilər. Eyni zamanda onda qeyd edilmiş bəndlər ikinci dildə də izah edilə bilər. Şəhadətnamənin "Apostille (Convention de la Haye du 5 octobre 1961)" adlı başlığı fransız dilində göstərilməlidir.

Bu Konvensiyanın təhlilindən bu nəticəyə gəlmək olar ki, diplomun leqallaşdırılması üçün diplomatik və konsulluq idarələri deyil, diplomu verən orqana (təhsil nazirliyinə) müraciət olunmalıdır.

Sualınızın məzmunundan belə başa düşdük ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyi məhz Nazirlər Kabinetinin Qərarına və Haaqa Konvensiyasına əsasən qeyd edilən nəticəyə gəlmişdir.

Qeyd etməyi zəruri hesab edirik ki, “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında təhsil, elmi dərəcə  və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında” Sazişin 6-cı maddəsinə əsasən dörd ildən az olmayan əyani təhsil alındıqdan sonra, müvafiq olaraq Azərbaycan Respublikası və Rusiya Federasiyasında verilən bakalavr  dərəcəsinin alınmasını təsdiq edən ali ixtisas təhsilinin birinci pilləsi haqqında diplom və bakalavr dərəcəsinin alınmasını təsdiq edən ali peşə  təhsili haqqında diplom, müvafiq olaraq Rusiya Federasiyasında və Azərbaycan Respublikasında tanınır və onların sahiblərinə Azərbaycan  Respublikasının qanunvericiliyinə və Rusiya Federasiyasının qanunvericiliyinə əsasən və qəbul edən ali məktəbin tələblərinə uyğun olaraq  magistr hazırlanma proqramı üzrə və mütəxəssis hazırlanma proqramı üzrə ali təhsillərini davam etdirmək hüququ verir. İşə qəbul zamanı  bu diplomların sahiblərinin peşə hazırlığı həmin sənədlərdə göstərilmiş hazırlıq istiqaməti (ixtisası) və kvalifikasiyaya uyğun olaraq tanınır.

Xüsusilə vurğulamaq istəyirik ki, 5 oktyabr 1961-ci il tarixli “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən” Haaqa Konvensiyasının 3-cü maddəsinin ikinci abzasına əsasən əgər sənədin təqdim edildiyi dövlətdə mövcud olan qanunlar, qaydalar və ya adətlər, yaxud da iki və ya bir neçə dövlət arasında razılaşma və ya Razılığa gələn bir neçə Dövlət arasında əldə olunmuş razılaşmalar əvvəlki abzasda göstərilən proseduru ləğv edirsə və ya sadələşdirirsə və ya sənədi leqallaşdırmadan azad edirsə, həmin funksiyaların yerinə yetirilməsi tələb edilə bilməz.

Daxili qanunvericiliyin və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq hüquq normalarının qarşılıqlı təhlilindən göründüyü kimi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi apostil möhürünə ehtiyac olmadan Sizin diplomunuzun tanınması barədə qərar qəbul edə bilər.

Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli , 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası)” Qaydaların 4.2-ci maddəsinə əsasən tanınmadan və ekvivalentlik haqqında Şəhadətnamə verilməsindən imtina olunması səbəbləri müraciət edəni qane etməzsə, o, müvafiq qaydada şikayət edə bilər.

 

Remedium Hüquq Klinikası

Comments:

 

Xəbərlər

21.11.2014

CPM-ə Edilən Dəyişikliklər Mövcud Praktikanı Dəyişir.

Son günlər ərzində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə edilən dəyişikliklər illər ərzində mö...

30.09.2014

FIDIC Müqavilələri və onların əsas xüsusiyyətləri mövzusunda iki günlük təlim keçirildi.

“Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası”İctimai Birliyi ilə Remedium Hüquq Mərkəzinin əməkdaşlığı çə...

28.08.2014

Remedium HM-nın həmtəsisçisi və Remedium HK-nın koordinatoru vəkil adını qazandılar.

Remedium Hüquq Mərkəzinin həmtəsisçisi Fuad Qəşəmov və Remedium Hüquq Klinikasının koordinatoru Faiq Kazımov ...