Müsabiqənin nəticəsindən narazı qalan jurnalistlər məhkəməyə müraciət edə bilər?

Sual

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ildə iki dəfə fərdi jurnalist yazıları müsabiqəsi elanı verir. İldə daha bir neçə dəfə bu qurum rayon icra hakimiyyətləri ilə birgə müsabiqələr təşkil edir. Müsabiqənin nəticəsindən narazı qalan jurnalistlər bununla bağlı məhkəməyə müraciət etmək istəsə konkret olaraq hansı məhkəməyə müraciət etməlidir? Ümumiyyətlə, jurnalistlər digər qurumlar (hökumət, qeyri-hökumət və s.) tərəfindən keçirilən müsabiqələrin nəticəsindən narazı qalarsa, məhkəməyə müraciət etmələri nə qədər normal sayılar? Jurnalistlərin bu cür məhkəmələri udmaq şansı, perspektivi varmı?

Cavab

Qeyd olunan suala daha müfəssəl cavab vermək məqsədilə sualı bir neçə hissəyə ayırmaq məqsədəmüvafiq hesab olunur. İlk növbədə sualın digər hissələrinə toxunmadan məhkəmə aidiyyəti məsələsini təhlil etmək yerinə düşərdi. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, yaxud mübahisənin predmeti və ya hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, həmin Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Bu maddəni təhlil etmədən qeyd edək ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında baxılan işlərin siyahısı müəyyən edilmişdir.

İndi isə MPM-nin 24.2-ci maddəsinin təhlil edək:

İşdə iştirak edən şəxslərin subyektiv tərkibi – Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və jurnalistlər (bəzi hallarda yerli icra hakimiyyəti orqanları)

Mübahisənin predmeti – müsabiqənin nəticəsi barədə qərar (və/və ya protokol)

Hüquq münasibətlərinin xarakteri – suala sualla cavab vermək prinsipi ilə məsələ yanaşsaq, jurnalistlərlə KİVİDDF müsabiqə ilə bağlı yaranan hüquq münasibətləri inzibati xarakterə malikdir, yoxsa mülki xarakterə? Ümumiyyətlə, KİVİDDF inzibati orqandırmı? Müsabiqənin nəticəsi barədə qərar (və/və ya protokol) inzibati aktdır, yoxsa mülki hüquqi əqddir?

“İnzibati icraat haqqında” Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir.

Qeyd edilənlərdən belə nəticə hasil olur ki, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Azərbaycan Respublikası Prezidentinin Sərəncamı əsasında yaradılmasına, Fondun Nizamnaməsinin Prezidentin Fərmanı ilə təsdiq edilməsinə, Fondun Müşahidə Şurasının üzvlərinin və İcraçı direktorun Prezident tərəfindən təyin edilməsinə, Fondun dövlət büdcəsindən maliyyələşməsinə baxmayaraq, Fond inzibati orqan statusuna malik deyil, nizamnaməsindən də göründüyü kimi qeyri kommersiya təşkilatıdır və buna görə onun qəbul etdiyi aktlar inzibati akt hesab oluna bilməz.

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Müsabiqənin nəticəsi barədə qərar (və/və ya protokol) da məhz əqd anlayışına daxildir. Bundan əlavə, müsabiqə anlayışının özü də mülki qanunvericiliklə tənzimlənir. Belə ki, Mülki Məcəllənin 1082-ci maddəsi “müsabiqə anlayışı və onun hüquqi nəticələri”ni tənzimləyir. Həmin maddəyə əsasən müsabiqə müəyyən hərəkəti yerinə yetirməyə görə mükafatlandırma barədə açıq elandır. Açıq elanın özünün hüquqi mahiyyəti ilə bağlı qeyd olunmalıdır ki, açıq elan təktərəfli əqddir. Çünki, təktərəfli iradə ifadəsi, iştirakçıların müsabiqədə iştirakının təsdiqləməsi, müsabiqə iştirakçılarının materiallarını dəyərləndirmək məqsədilə qəbul edilməsi açıq elan verən şəxsə öhdəlik yaradır (açıq elanın qeyri-müəyyən şəxslər dairəsinə ünvanlanmış təklif olduğu üçün ofertaya dəvət olduğunu iddia edənlər də mövcuddur).

Müsabiqələr həm dövlət orqanları, həm fiziki şəxslər, həm də hüquqi şəxslər tərəfindən keçirilə bilər. Dövlət orqanlarının təşkil etdiyi müsabiqələrin keçirilmə qaydası xüsusi olaraq normativ aktla tənzimlənə bilər ki, belə olduğu təqdirdə yaranan münasibətlər və mübahisələr həmin normativ akta əsasən tənzimlənəcək. Xüsusi olaraq keçirilmə qaydası normativ hüquqi aktla tənzimlənməyən müsabiqələrin təşkil edilmə qaydası, qaliblərin müəyyən edilməsi meyarları və mükafatlar müsabiqəni təşkil edən şəxs tərəfindən müəyyən edilir. Xüsusi olaraq normativ aktla tənzimlənməyən müsabiqələr mülki münasibətlər çərçivəsinə daxil olduğu üçün mülki qanunvericiliklə tənzimlənir.

Ümumiyyətlə, müsabiqənin nəticələri barədə qərardan məhkəməyə şikayət vermək mümkündürmü?

Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

Mülki Məcəllənin 1082.3-ci maddəsinə əsasən isə vaxtında təqdim edilmiş işin müsabiqənin şərtlərinə uyğun gəlib-gəlmədiyi və iştirakçılardan kimin üstünlük verilməyə layiq olduğu barədə qərar müsabiqənin şərtlərində göstərilən şəxs tərəfindən, şərtlərdə bu göstərilmədikdə isə müsabiqəni elan etmiş şəxs tərəfindən qəbul olunur. Qərar bütün iştirakçılar üçün məcburi qüvvəyə malikdir və ondan məhkəməyə şikayət verilə bilməz. Əgər prizin verilməsi proseduru və şərtləri başqa şəkildə tənzimlənmişsə, bu qayda tətbiq olunmur.

“Qərar bütün iştirakçılar üçün məcburi qüvvəyə malikdir və ondan məhkəməyə şikayət verilə bilməz.” müddəası ilk baxışdan imperativ xarakterə malik olan müddəa təsiri bağışlasa da, həmin müddəadan sonra gələn cümlə, qeyd edilən müddəanın dispozitiv (əksi nəzərdə tutula bilən) olduğunu təsdiqləyir. O da qeyd edilməlidir ki, “əgər prizin verilməsi proseduru və şərtləri başqa şəkildə tənzimlənmişsə, bu qayda tətbiq olunmur.” müddəasının özü də qeyri-müəyyəndir.

Mülki Məcəllənin 1081.3-cü maddəsinə əsasən mükafat təyin edilmiş nəticəyə nail olmaqda bir neçə şəxs iştirak etdikdə mükafatı təyin etmiş şəxs ayrılıqda onlardan hər birinin nəticəyə nail olmaqda iştirak payını nəzərə alaraq, mükafatı onların arasında ədalətli mülahizə əsasında bölür. Açıq-aşkar ədalətsiz bölgünün məcburi qüvvəsi yoxdur və iştirakçılardan birinin ərizəsinə əsasən məhkəmənin qərarı ilə dəyişdirilə bilər.

Mülki Məcəllənin 1082.3-cü maddəsində nəzərdə tutulmuş qadağanedici normanın həmin Məcəllənin 1081.3-cü maddəsi ilə qarşılıqlı təhlili, o cümlədən həmin normanın sistematik təfsiri belə nəticə çıxarmağa əsas verir ki, həmin norma müsabiqənin nəticəsi barədə qərardan qəti şəkildə məhkəməyə şikayət verilməsini qadağan etmir və ədalətsiz qərarın mübahisələndirilməsinə şərait yaradır.

Xüsusilə vurğulamaq istəyirik ki, Mülki Məcəllənin 1082.3-cü maddəsində nəzərdə tutulmuş “qərar bütün iştirakçılar üçün məcburi qüvvəyə malikdir və ondan məhkəməyə şikayət verilə bilməz” müddəası Azərbaycan Respublikasının da tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» 1950-ci il tarixli Konvensiyanın (Avropa İnsan Hüquqları Konvensiyası) 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququna müdaxilə mahiyyətindədir.

Düzdür, Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququ mütləq hüquq deyil və həmin hüquq müəyyən məhdudiyyətlərə məruz qala bilər. Avropa İnsan Hüquqları Məhkəməsi özünün presedent hüququ vasitəsilə qərara almışdır ki, bu hüquqa qoyulan istənilən məhdudiyyətlər yalnız o halda 6-cı maddəyə uyğun ola bilər ki, onlar:

-          qanuni məqsəd daşısın; və

-          tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan əlaqə mövcud olsun.

Müsabiqə ilə bağlı qərar qəbul edən münsiflər heyətinin diskresion (mülahizə) səlahiyyətlərinə məhkəmənin müdaxilə etməməsi mülahizəsi bu baxımdan qanuni məqsəd daşıya bilər.

Bu qaydanı hazırki sualda nəzərdə tutulan məsələyə tətbiq edərək məhkəmənin birbaşa münsiflər heyəti kimi hər hansı iştirakçını qalib etmək barədə qərar qəbul etmə səlahiyyəti məhdudlaşdırıla bilər və məhkəməyə bu qəbildən olan müraciətlər müəyyən məhdudiyyətlərə məruz qala bilər. Lakin, milli praktikada istifadə olunan müsabiqənin nəticələri barədə qərarın etibarsız hesab olunması, qərarın qəbul edilməsi prosedurunun əvvəlcədən müəyyən edilmiş qiymətləndirmə meyarlarına uyğunluğunun yoxlanılması barədə iddialarla bağlı məhkəməyə müraciət etmək hüququnun məhdudiyyətlərə məruz qalması fikrimizcə Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququna müdaxilə təşkil edir.

Yuxarıda qeyd edilənləri ümumiləşdirsək, qeyd edə bilərik ki, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun və ya digər təşkilatların, icra hakimiyyəti orqanlarının (əgər müsabiqənin keçirilməsi qaydası normativ aktla tənzimlənməyibsə) təşkil etdiyi yazı müsabiqələrinin (xüsusiylə normativ aktlarla tənzimlnməyən) nəticələrindən narazı qalan jurnalistlər və ya digər şəxslər AİHK, AR Konstitusiyasına, Mülki Məcəllənin müsabiqə, öhdəliklərin icrası ilə bağlı müvafiq maddələrinə istinad edərək Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq ümumi məhkəmələrdə (rayon (şəhər) məhkəmələri), daha da konkretləşdirsək, müsabiqəni keçirən təşkilatın olduğu yer (hüquqi ünvanı) üzrə baxıla bilər.

Sualın perspektivlə bağlı hissəsi gəldikdə isə qeyd etməyi zəruri hesab edirik ki, məhkəmələr Mülki Məcəllənin 1082.3-cü maddəsində nəzərdə tutulan qadağanedici normaya və MPM-nin 261.0.1-ci maddəsinə istinad edərək (işin məhkəmədə baxılmalı olmadığını əsas gətirərək) iş üzrə icraata xitam verilə bilər. Bu halda belə MPM-nin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə və hüququn gerçəkləşdirilməsi üçün mücadiləni davam etdirilə bilər.

Unutmayın ki, hüquq olan yerdə onun müdafiəsi də mövcuddur (Ubi jus, ibi remedium). Hüquqlarınızı öyrənin, tətbiq edin, öyrədin, təşviq edin.

Sual Remedium Hüquq Klinikası tərəfindən

Femida.az saytı ilə əməkdaşlıq çərçivəsində cavablandırılıb.

Comments:

 

Xəbərlər

21.11.2014

CPM-ə Edilən Dəyişikliklər Mövcud Praktikanı Dəyişir.

Son günlər ərzində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə edilən dəyişikliklər illər ərzində mö...

30.09.2014

FIDIC Müqavilələri və onların əsas xüsusiyyətləri mövzusunda iki günlük təlim keçirildi.

“Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası”İctimai Birliyi ilə Remedium Hüquq Mərkəzinin əməkdaşlığı çə...

28.08.2014

Remedium HM-nın həmtəsisçisi və Remedium HK-nın koordinatoru vəkil adını qazandılar.

Remedium Hüquq Mərkəzinin həmtəsisçisi Fuad Qəşəmov və Remedium Hüquq Klinikasının koordinatoru Faiq Kazımov ...