Payçıların vəfatından sonra onların mülkiyyətində olan pay digər payçılara qala bilərmi?

Sual

Birgə mülkiyyətdə olan fərdi yaşayış evi 17 nəfər arasında bölünüb (hərənin öz hissəsi müəyyənləşdirilib).  Lakin, 17 nəfərdən 7-si 30-40 il bundan əvvəl vəfat edib (ölüm haqda sənəd əldə yox. onların həyat yoldaşları və uşaqları olmayıb-lakin bu haqda da əldə sənəd yox)

Sual: Vəfat etmiş 7 nəfər qohumların yaşayış evindəki payları (hissələri) digər sağ olan 10 nəfərin adına keçirmək üçün nə etmək lazımdır?

Cavab

Sualınızın məzmunundan bəlli olduğu kimi söhbət birgə mülkiyyətdən yox, paylı mülkiyyətdən gedir.

Sualınızla bağlı bildiririk ki, ilk növbədə paylı mülkiyyətin mülkiyyətçilərinin ölüb-ölməməsi faktı araşdırılmalıdır. Ölümün qeyd edilməsi faktının müəyyən edilməsi üçün birinci növbədə Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanına müraciət olunmalıdır. Əgər VVADQ orqanından  həmin faktı təsdiq edən lazımi sənədləri ala bilmədikdə bu halda Mülki Prosessual Məcəllənin 307.2.3-cü və 308-ci maddələrinin tələblərinə müvafiq olaraq hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi məqsədilə məhkəməyə müraciət etmək lazımdır.

Şəxsin ölümünün qeyd edilmə faktı təsdiq edildikdən sonra artıq ikinci mərhələdə həmin şəxsin vərəsələri müəyyənləşdirilməlidir.

Bildiririk ki, Mülki Məcəllənin 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir.

Qeyd etməyi zəruri hesab edirik ki, Mülki Məcəllənin 1133-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1159-cu maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar:

Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).

Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar.

Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar.

Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər.

Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur.

İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar.

Üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın.

Dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər.

Beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları.

Mülki Məcəllənin 1165.1-ci maddəsinə əsasən əgər nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə yoxdursa və ya vərəsələrdən heç biri mirası qəbul etməmişdirsə, yaxud bütün vərəsələr vərəsəlik hüququndan məhrum edilmişdirsə, vərəsələri olmayan əmlak dövlətə keçir.

Əgər miras qoyanın qanun üzrə vərəsəsi varsa, o zaman pay üzərində mülkiyyət hüququ həmin qanun üzrə vərəsəyə keçdikdən sonra digər paylı mülkiyyətçilər həmin vərəsəyə müraciət edib onun razılığı əsasında payı ondan satın ala bilərlər (nəzərə almaq lazımdır ki, o bu payını satmaya da bilər).

Əgər miras qoyanın vərəsələri yoxdursa, pay dövlətə keçir. Bu halda da Azərbaycan Respublikası Nazirlər  Kabinetinin 2002-ci il 18 aprel  tarixli 69 nömrəli qərarı ilə təsdiq edilmiş “Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın və dəfinələrin uçotu, qiymətləndirilməsi, saxlanılması, istifadəsi və satışı barədə” Əsasnaməyə müvafiq olaraq vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın satışı ilə əlaqədar Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət etmək lazımdır.

 

Sual Remedium Hüquq Mərkəzi tərəfindən

Femida.az saytı ilə əməkdaşlıq çərçivəsində cavablandırılıb.

Comments:

 

Xəbərlər

06.05.2014

İxtisar aparılan müəssisədə işçilərin hüquqları

Remedium Hüquq Mərkəzinin sədri Əli Əliyev Huquq.tv-də "Müəssisədə işçilərin sayı azaldılarkən və ştatlar ixtis...

22.04.2014

Nikahın Pozulmasını Tələb Etmək Hüququnun Məhdudlaşdırılması.

Remedium Hüquq Mərkəzinin sədri Əli Əliyev Huquq.tv-də "ərin nikahın pozulmasını tələb etmək hüququnun məhdud...

09.04.2014

FIDIC müqavilələri ilə bağlı təlim Bakıda

Matrix-Seminars Ltd-dən Remedium Hüquq Mərkəzinə daxil olan məlumata əsasən, FIDIC müqavilələrinin praktiki ist...