Əcnəbi fiziki və hüquqi şəxslərin əmlak hüquqlarının Avropa İnsan hüquqları Konvensiyasına əsasən müdafiəsi

Əcnəbilərin əmlak hüquqlarından danışarkən ilk öncə bunun nə demək olduğunu, hansı hüquqları özündə ehtiva etdiyini aydınlaşdırmaq lazımdır. “Mülkiyyət” və ya “əmlak” anlayışı çox geniş çərçivədə şərh olunur. O, iqtisadi maraqların geniş spektrini özündə ehtiva edir. 1950-ci il Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsində öz əksini tapan bu münasibətlərin təsir dairəsinə hansı obyektlərin daxil olmasını müəyyən etmək vacib şərtdir, belə ki, təşəkkül tapmış presedent hüququna əsasən, 1-ci maddənin təsir dairəsinə asağıdakı obyektlər daxildir:

 


- Daşınar və daşınmaz əmlak; maddi və qeyri-maddi maraqlar, məsələn, səhmlər, patentlər; iddia barədə arbitraj qərarı; pensiya hüququ; ev sahibinin icarə haqqı almaq hüququ; biznes fəaliyyətinin həyata keçirilməsi ilə bağlı iqtisadi maraqlar; bu və ya digər peşə ilə məşğul olmaq hüququ; hüquqi həllini gözləyən konkret situasiyaya müəyyən şərtlərin tətbiqinə ümid edilməsi və s. Lakin nə qədər ki mübahisə predmeti olan mülkiyyət barəsində hüquqi tələb irəli sürmək mümkün deyil, 1sayli Protokolun 1-ci maddəsi tətbiq edilmir, belə ki, yalnız real mövcud olan mülkiyyətin hüquqi mühafizəsi mümkündür və bu mühafizə hər hansı mülkiyyəti gələcəkdə əldə etmək hüququna şamil olunmur. Buradan belə nəticə çıxır ki, məsələn, gələcəkdə mülkiyyətin vərəsəlik qaydasında keçməsinə ümid edilməsi 1-ci maddənin nəzərdə tutduğu hüququn tətbiq dairəsinə düşmür.
Yadda saxlamaq lazımdır ki, öz hüquq və maraqlarını müdafiə edən hüquqi şəxslər də fiziki şəxslər kimi 1-ci maddəyə istinad edə bilərlər. AİHK-nın əsas mətnində mülkiyyət hüququnun qorunması ilə bağlı norma mövcud deyildir. Ancaq, əlavə Protokolda yer alır. Konvensiyaya mülkiyyət hüququnun müdafiəsi ilə bağlı normanın daxil edilməsinin əleyhdarları belə hesab edirdi ki, 1-ci maddə vətəndaşların hüquqlarının müdafiəsində durmaqdan daha çox dövlətin hakimiyyət maraqlarına xidmət edir. Lakin, Konvensiyanın qəbulundan iki il sonra yəni 1952-ci ildə 1 saylı Protokolun 1-ci maddəsi ilə bu norma gətirildi.
Əcnəbilərin əmlakının beynəlxalq hüquqi müdafiəsi dövlətdaxili qanunvericiliyə ümumi qaydaya riayət edilməsi üçün müəyyən həddə məhdudlaşdırıcı qaydaların tətbiqi imkanını verməklə, bütövlükdə, əcnəbi şəxslərin əmlakı ilə bağlı vahid rejim müəyyən edir. Beynəlxalq hüquq əmlak anlayışına subyektiv hüquq və maraq nöqteyi-nəzərindən yanaşır. Belə bir nəticə 1950-ci il Avropa İnsan Hüquqları Konvensiyasının 1saylı  Protokolunun 1-ci maddəsindən irəli gəlir:
- “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.”
Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlarına müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Maddədə göstərildiyi kimi mülkiyyət hüququ bura əmlak da daxildir yalnız və yalnız cəmiyyətin maraqları naminə və qanunla müəyyən edilmiş qaydada məhdudlaşdırıla bilər.
Qeyd etmək vacibdir ki, 1 saylı Protokolun 1-ci maddəsi yalnız şəxsin hal-hazırda mövcud olan mülkiyyət barəsindəki tələblərinə şamil olunur. Başqa sözlə, 1-ci maddə gələcək mükiyyət əldə etmək hüququna təminat vermir. Nəzərə almaq lazımdır ki, 1 saylı protokolun 1-ci maddəsinın tətbiqi üçün bu və ya digər ölkənin qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil. Konvensiyanın məqsədləri baxımından “mülkiyyət” anlayışı müstəqil məna daşıyır.
Avropa İnsan Hüquqları Məhkəməsi 1 saylı Protokolun 1-ci maddəsinə üç normanı özünə birləşdirən maddə kimi baxdı. Belə yanaşma ilk dəfə Sporronq və Lonnrot İsveçə qarşı məhkəmə işi üzrə Avropa Məhkəməsinin qərarında nümayiş etdirilib, Məhkəmənin sonrakı qərarlarında dəfələrlə təsdiq olunub. Həmin normalar bunlardır :
1)    öz əmlakından maneəsiz istifadə prinsipi;
2)    əmlakdan məhrum edilmə;
3)    əmlakdan istifadəyə nəzarət.
2-ci norma, yəni, əmlakdan məhrum edilmənin baş verib vermədiyini müəyyən etmək üçün belə bir məsələni araşdırmaq lazımdır ki, mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya götürülməsi baş veribmi?; eləcə də, zamanında müəyyən etmək lazımdır ki, əmlakdan de fakto məhrum edilmə baş veribmi?; yəni, mövcud olan real vəziyyəti də araşdırmaq lazımdır. Üçüncü norma o vaxt tətbiq edilir ki, əmlak hüquqlarına müdaxilə qəsdən baş vermiş olsun və ya əmlakdan istifadəyə nəzarət məqsədi daşıyan qanunvericilik sisteminin tərkib hissəsi olsun.
1 saylı Protokolun 1-ci maddəsinin birinci normasını “əhatəli“ norma saymaq olar, belə ki, digər 2 normanı tətbiq etmək mümkün olmayan hallarda birinci normanı tətbiq etmək olar. Dövlət tərəfindən görülən və mülkiyyət hüququna müdaxilə təşkil edən tədbir mülkiyyətdən məhrum edilmə və ya mülkiyyətdən istifadəyə nəzarət kateqoriyalarına aid deyilsə, belə hallarda birinci norma tətbiq edilir.
1saylı Protokolun 1-ci maddəsinin pozulub pozulmadığını nəzərdən keçirərkən ilk növbədə şikayətçinin 1-ci maddənin əhatə dairəsinə düşən hər hansı mükliyyət və ya əmlak hüququna malik olub-olmadığını nəzərdən keçirmək lazımdır. İkinci növbədə, həmin əmlak hüququna müdaxilənin baş verib-vermədiyini üçüncü növbədə isə həmin müdaxilənin xarakterini yəni üç normadan hansının tətbiq ediləcəyini nəzərdən keçirmək lazımdır.Lakin, xatırlamaq lazımdır ki, Avropa İnsan Hüquqları Məhkəməsi dəfələrlə bildirib ki, bu üç norma bir-birilə qarşılıqlı surətdə əlaqədardır: ikinci və üçüncü normalar öz mülkiyyətindən maneəsiz istifadə hüququnun, yəni birinci normanın xüsusi formalarıdır və birinci normada yer alan ümumi prinsipin işığında şərh olunmalıdır.
Sporrong and Lönnroth v. Sweden işində AİHM bununla bağlı önəmli və tez-tez təkrarlanan meyar qəbul etmişdir: “İctimai marağın nə olduğunun müəyyən edilməsində milli hakimiyyət orqanları beynəlxalq hakimdən daha yaxşı mövqedədirlər. Çünki, onlar öz cəmiyyətlərini və onun ehtiyaclarını daha yaxşı bilirlər. İctimai maraq doğuran problemin olub-olmadığını və alınacaq tədbirlərin nə olduğunu müəyyən etmək milli hakimiyyət orqanlarının işidir. Bu işdə də onlar konkret mülahizə sərbəstliyindən istifadə edirlər.” Belə hallarda bu geniş mülahizə səlahiyyətinə tətbiq olunası hədd bundan ibarətdir: qanunverici orqanın geniş qərarı açıq şəkildə əsassız və qeyri-rasional olmamalıdır. Burada qeyd etməliyik ki, AİHM-nin tətbiq etdiyi yoxlama meyarı inzibati hüquqda ümumi olaraq qəbul edilmiş mülahizə səlahiyyətinin yoxlama standartlarıdır.
İctimai marağın olduğu hallara belə misallar vermək mümkündür; ictimai xidmət aparmaq üçün binaların tikintisi məqsədi ilə torpağın alınması düzgün və müasir şəhərləşmə politikası məqsədilə tikintiyə məhdudlşdırma gətirilməsi evlərin kirayə qiymətlərinin maksimum həddlərinin müəyyən edilməsi kimi.
Yuxarıda qeyd etdiyim kimi, əmlak hüququna hər hansı müdaxiləyə o halda haqq qazandırmaq olar ki, həmin müdaxilə cəmiyyətin maraqları naminə və ya ümumi maraqlar naminə həyata keçirilsin. Hər hansı müsadirənin və ya mülkiyyətdən məhrum edilmənin “cəmiyyətin” maraqları naminə həyata keçirilməsi haqqındakı tələb 1 saylı protokolun 1-ci maddəsindəki 2-ci norma birbaşa qeyd edilib. Üçüncü normada isə ümumi maraqlar qeyd olunur. Lakin, əmlak hüququna hər hansı müdaxilə, hansı normanın tətbiqindən asılı olmayaraq, qanuni məqsəd daşımalıdır, yəni cəmiyyətin maraqları və ya ümumi maraqlar naminə həyata keçirilməlidir. Əmlak hüququna müdaxilənin yol verilə bilən hesab edilməsi üçün o, təkcə cəmiyyətin maraqlarına xidmət etməməli, yəni təkcə qanuni məqsədlər daşımamalı, həm də mülkiyyətindən məhrum etmə tədbiri həmin tədbirin daşıdığı məqsədə mütənasib olmalıdır. Cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqları arasında ağlabatan tarazlığa əməl olunmalıdır, özü də nəzərə almaq lazımdır ki, belə tarazlıq ümumən Konvensiyaya xas olan cəhətdir.
Ümumiyyətlə, beynəlxalq hüquq əcnəbi şəxslərin əmlak hüquqlarının qorunmasına münasibətdə müəyyən prinsip və standartlar formalaşdırılmışdır. Əcnəbi şəxslərin əmlak hüquqlarının qorunması BMT Baş Məclisinin Təbii ehtiyyatlar üzərində suverenlik haqqında Qətnaməsində ifadə edilməklə, əcnəbilərin maraqları ilə qəbul edən dövlətin ümumi maraqlarının balanslaşdırılmasına yönəlmişdir. Universal beynəlxalq sazişlər Avropa Konvensiyasindan fərqli  olaraq, xüsusi əmlak hüququna mütləq hüquqlar mövqeyindən deyil, balanslaşdırılmış mövqedən yanaşır. Belə ki, 1948-ci il Bəyannaməsinin 29-cu maddəsində qeyd edilir ki, hər bir kəs hüquq və azadlıqlarını həyata keçirərkən, demokratik cəmiyyətdə ictimai mənafeyi, ümumi qaydanı, mənəviyyatın ədalətli tələblərini və başqalarının hüquq və azadlıqlarını təmin etmək üçün, yalnız qanunla nəzərdə tutulan məhdudiyyətlərə məruz qala bilər bu Bəyannamənin 17ci maddəsində göstərilir:
1. Hər bir insanın həm təkbaşına, həm də başqaları ilə ortaq əmlak sahibliyi hüququ var.
2. Heç kəs özbaşına öz əmlakından məhrum edilə bilməz.
Beləliklə, əmlak hüquqlarının məhdudlaşdırılması yalnız hüquqi əsasda “ictimai marağa” müvafiq olmalıdır, əks təqdirdə, hər hansı bir məhdudlaşdırma hüquq pozuntusu faktı kimi qiymətləndiriləcəkdir. Burada belə bir məsələ ortaya çıxır. Deməli, “ictimai marağın” həddi və meyarları dəqiq müəyyən edilməlidir. Bu məsələ nə dövlətdaxili, nə də beynəlxalq hüquqda həll edilməmişdir, buna görə də mübahisəli mövzu olaraq qalmaqdadır. Yalnız Avropa Məhkəməsinin praktikası bu məsələyə müəyyən dərəcədə aydınlıq gətirmişdir. Əmlakın ictimai mənafe üçün götürülməsi beynəlxalq-hüquqi əsasa malikdir. Beynəlxalq hüquqa uyğun milliləşdirmə, ekspropriasiya istər ikitərəfli, istərsə də çoxtərəfli beynəlxalq sazişlərdə təsbit edilmişdir. Əksər halda qəbul edən dövlət əcnəbi şəxslərin mənsub olduğu dövlətlə iqtisadi, siyasi münasibətlərin kəsilməməsi üçün kompensasiya ödəməyi üstün tutur. Belə ki, iqtisadi əlaqələrin kəsilməsi müəyyən hallarda, məsələn, əgər əcnəbi investor özünün siyasi riskini İnvestisiya Təminatları üzrə Çoxtərəfli Agentlikdə sığortalamışdırsa, bu halda, qəbul edən dövlət üçün dünyanın əksər iqtisadi cəhətdən güclü dövlətlərinin üzv olduğu bir təşkilatla problemləri yaranmış olacaqdır. Ona görə də iqtisadi münasibətlərin kəsilməsindənsə, dövlət kompensasiya ödənilməsinə üstünlük verir. Əcnəbi şəxslərin əmlakına təhlükə, bir qayda olaraq, iri layihələrin reallaşdırılmasında dövlətlə əcnəbi şəxslər arasında bağlanan investisiya sazişlərinin birtərəfli qaydada dövlət tərəfindən pozulması zamanı yaranır. Beynəlxalq Məhkəmə və Arbitraj praktikasına əsasən, hər bir dövlətin əcnəbi şəxslərlə bağladığı beynəlxalq kontraktların şərtlərini dəyişməsi, həmçinin kompensasiya verməklə onun qüvvəsinə xitam verməsi hüququ tanınır. Belə bir səlahiyyət dövlətin suverenliyindən yaranmaqla, müqavilə öhdəlikləri ilə müqayisədə ümummilli maraqların üstün mövqeyə malik olmasını ifadə edir. Həmçinin müqavilə münasibətlərində qarşılıqlı razılaşma olmadan müqavilənin dəyişdirilməsini istisna edən şərtlər də mövcuddur ki, onların  təftişi dövlətə hər hansı bir səlahiyyət vermir. Xarici əmlak hüquqlarının müdafiəsinin beynəlxalq iqtisadi-təsərrüfat münasibətlərinin inkişafına, maliyyə resurslarının, xidmətinin sərbəst hərəkətinə təsirini nəzərə alaraq, beynəlxalq ictimaiyyət beynəlxalq-hüquqi təminat sistemlərini daha da təkmilləshdirmişdir. Xarici əmlak, əsasən, dövlətin siyasi fəaliyyəti ilə əlaqədar problemlərlə “rastlaşdığından” məqsəd həmin fəaliyyətdən irəli gələn təminat sisteminin yaradılmasında idi.Məhz bunu nəzərə alaraq, 1985-ci ildə qəbul edilmiş Investisiya təminatları üzrə Çoxtərəfli Agentliyin (MIQA) təsis olunması haqqında Konvensiya xarici əmlakın bütün siyasi risklərdən beynəlxalq-hüquqi sığorta sistemini yaratmış oldu. Konvensiyaya görə siyasi risklər kateqoriyasına: siyasi vəzəyyətin dəyişməsi ilə çevik və tam həcmdə kompensasiya verilmədən investisiyaların milliləşdirilməsi, ekspropriasiyası; investisiya qoyuluşundan əldə edilmiş gəlirlərin dönərli valyuta ilə xaricə sərbəst çıxarılmasına qəbul edən dövlətin ciddi məhdudiyyətlər yaratması; hərbi və vətəndaş itaətsizliyi nəticəsində xarici investora zərərin dəyməsi; beynəlxalq kontrakt tərəfi olan qəbul edən dövlətin özünün öhdəliklərini yerinə  yetirməməsi aid edilir. Beləliklə, müasir beynəlxalq hüquq əcnəbilərin əmlak hüquqlarının müdafiəsi sahəsində istər beynəlxalq məhkəmə qurumları vasitəsilə, istərsə də kvaziməhkəmə, inzibati-ədliyyə sistemləri ilə ciddi mexanizmlər formalaşdırmışdır. Bu və ya digər dövlətin həmin təminat sistemi ilə əməkdaşlıgı isə bir tərəfdən əcnəbilərin əmlak hüquqlarının müdafiəsini təmin edirsə, digər tərəfdən, bu, müvafiq dövlətin özünün iqtisadi inkişafı, maliyyə potensialının artması bütövlükdə onun qloballaşan iqtisadi sistemə inteqrasiyasi üçün əhəmiyyətlidir.
Əmlak hüquqlarının müdafiəsində beynəlxalq vasitələr sırasında ən effektiv müdafiə vasitələrindən biri də Avropa İnsan Hüquqları Məhkəməsi olduğunu əminliklə qeyd edə bilərik. Məhkəmənin əmlak hüquqlarının müdafiəsi ilə əlaqədar çox saylı işlərə baxmışdır. Bunların sırasına  Sporronq və Lonnrot İsveçə qarşı A 52 (1982), Hentrix Fransaya qarşı A 296-A(1994), Müqəddəs Monastrlar Yunanıstana qarşı A 301-A(1994), “Pressos Kompaniya Navyera A.O” Belçikaya qarşı A 332 (1995), Aka Türkiyəyə qarşı 1998-6 (1998) və s. göstərmək olar. AİHM-nə daxil olan əmlak hüquqları ilə bağlı bütün işlərə AİHK-nin 1 saylı Protokoluna və bu Protokolun 1-ci maddəsinə əsasən baxılır.

 

Əlizadə A.

Comments:

 

Xəbərlər

21.11.2014

CPM-ə Edilən Dəyişikliklər Mövcud Praktikanı Dəyişir.

Son günlər ərzində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə edilən dəyişikliklər illər ərzində mö...

30.09.2014

FIDIC Müqavilələri və onların əsas xüsusiyyətləri mövzusunda iki günlük təlim keçirildi.

“Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası”İctimai Birliyi ilə Remedium Hüquq Mərkəzinin əməkdaşlığı çə...

28.08.2014

Remedium HM-nın həmtəsisçisi və Remedium HK-nın koordinatoru vəkil adını qazandılar.

Remedium Hüquq Mərkəzinin həmtəsisçisi Fuad Qəşəmov və Remedium Hüquq Klinikasının koordinatoru Faiq Kazımov ...