Azərbaycanda qanunsuz tikili problemi

Azərnaycanda qanunsuz tikili problemi artıq pik həddə çatıb. İş o yerə çatıb ki, artıq problem Prezident səviyyəsində etiraf olunur. Prezident İlham Əliyev 2010-cu ilin may ayının 7-də keçirilən müşavirədə bu problemə münasibət bildirib. Əslində Prezidentin çıxışında problem, onun yaranma səbəbləri açıq-aydın öz əksini tapıb. Gəlin həmin çıxışa birlikdə diqqət yetirək: “Qanunsuz binalar Bakıda əfsuslar olsun ki, artıq bir əsrdən çoxdur ki, tikilir... Orada yaşayan insanların yaşayış problemləri həll olunmalıdır. Onlar əlbəttə ki, oradan köçürülməlidir. Ancaq onlara kompensasiya verilməlidir.......Özbaşına kim gedib qanunsuz nəsə edə bilər. Edə bilər, amma kütləvi qaydada bunu etmək mümkün deyil… Yəni, bu, təkcə bir yerdə olsaydı, bir istisna hal kimi qəbul oluna bilərdi. Ancaq, bu, bütün ölkəmizi bürüyüb. Buna son qoyulmalıdır. Biz bu rüşvətxorluğa son qoymalıyıq… Ən böyük günah onlara o yerləri verən şəxslərdədir. Neft buruqlarının içində torpaq ayrılır ki, evlər tikilsin. Camaat da gedib orada - neftin içində ev tikib. Orada necə yaşamaq olar?! Bu, birbaşa xəstəlikdir. Bu icazəni verən bunu bilmirdimi? Bilirdi. Onu insanın sağlamlığı maraqlandırmır, ancaq öz cibi maraqlandırır… Şəhəri planlı şəkildə inkişaf etdirmək üçün ən böyük problem bu qanunsuz tikililərdir… O qanunsuz tikililər yığışdırılmalıdır. Ancaq lazımi səviyyədə kompensasiya ödənilməlidir ki, orada yaşayanlar razı olsunlar.”

 


Bir daha qeyd edirəm ki, Prezidentin bu çıxışı qanunsuz tikili problemini ümumiləşdirilmiş şəkildə ifadə edir. Problem birmənalı şəkildə mövcuddur. Amma, bu çıxışdan bir ildən artıq vaxt keçməsinə baxmayaraq aidiyyəti qurumlar tərəfindən əməli tədbirlər həyata keçirilməyib. Əksinə günü-gündən bu problem daha da böyüyür. Ən ürək ağrıdıcı məqam Sulutəpədə baş verən son söküntü hadisəsi oldu. İnsanların tikdiyi evlər bir günün içində heç bir xəbərdarlıq edilmədən və məhkəmə qərarı olmadan söküldü.
Bu çox ciddi problemdir və yaxın gələcəkdə bu problemlə bağlı onlarla hətta yüzlərlə iş Avropa İnsan Hüquqları Məhkəməsinə getsə bu dövlətimizin xeyrinə olmayacaq. Çünki, dövlət orqanlarının formalist yanaşması artıq köhnəlib və həmin yanaşma kökündən yanlışdır.
Problemin çıxış yolu Avropa standartlarına cavab verən hüquqi bazanın yaradılmasındadır. Düzdür, hal-hazırda dövlət rəsmiləri tərəfindən səslənən fikir odur ki, müvafiq qanun qəbul olunacaq və standartlara cavab verən evlər sənədləşdiriləcək, standartlara cavab verməyən (boru kəmərəinin üstündə, elektrik xətlərinin altında olan və s.) evlər kompensasiya verilməklə söküləcək.
Hal-hazırda məhkəmələrdə bu qəbildən olan minlərlə iş icraatdadır. Məhkəmələr tam mənada müstəqil olmadığından birmənalı şəkildə qanunsuz tikililərin boşaldılması və ya sökülməsi ilə bağlı ARDNŞ-ın vətəndaşlara qarşı iddiaları təmin olunur. Qeyd edim ki, bu tip işlərdə hakimlər işə formal yanaşırlar, “vətəndaşın mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim edilmədi” və s. xarakterli arqumentlər gətirirlər.
Qanunsuz tikili problemi ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin “Öner Yıldız Türkiyəyə qarşı” 30 noyabr 2004-cü il tarixli maraqlı bir məhkəmə işi var. Həmin işdə ərizəçi qeyri-qanuni olaraq Ümraniyə adlanan yerdə məskunlaşır və bir neçə il orada yaşayır. Həmin ərazi yaşayış üçün təhlükəli hesab olunan ərazidir və bir müddət sonra orada metan qazının partlayışı nəticəsində bütün evlər dağılır və hadisə eyni zamanda insan tələfatı ilə nəticələnir.
Bu məhkəmə işində bir neçə məsələ qaldırılsa da, bizi maraqlandıran əsas məsələ mülkiyyət hüququ ilə bağlı məsələdir. Ərizəçi iddia edir ki, dövlət orqanlarının hərəkətsizliyi nəticəsində onun əmlakına zərər dəyib, buna görə də, həmin zərərin əvəzi ödənilməlidir. Hökumət tərəfi isə buna öz etirazını bildirdi və qeyd etdi ki, Türkiyənin daxili qanunvericiliyinə əsasən ərizəçinin mülkiyyət hüququ yaranmayıb, o həmin ərazini qanunsuz zəbt edib və iddiasını sübut etmək üçün məhkəməyə hər hansı sənəd təqdim edə bilməyib. Məhkəmə isə öz dəyərləndirməsində qeyd edir ki,  “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da mülkiyyət hüquqları hesab edilə bilər. Məhkəmə hesab etmişdir ki, istər daxili qanunlar tərəfindən şəxsi maraqların “hüquq” kimi tanınması, istərsə də bu qanunlar tərəfindən həmin marağın “mülkiyyət hüququ” hesab edilməməsi faktı heç də sözügedən marağın 1 saylı Protokolun 1-ci maddəsi baxımından müəyyən hallarda “mülkiyyət” hesab edilməsinin qarşısını almır. Həmin qərarda Avropa Məhkəməsi vurğulamışdır ki, şəhərin planlaşdırılması qaydalarının pozulmasına və hər hansı etibarlı hüquqi sənədin olmamasına baxmayaraq hər halda ərizəçi tikdiyi evə sərf olunmuş materialları, evdəki daşınar əşyaların və evdəki bütün ev təsərrüfatı ləvazimatları və şəxsi əşyalar ona məxsusdur. Qərarda qeyd edilmişdir ki, ərizəçinin tikdiyi ev onun üçün mühüm iqtisadi maraq kəsb edir. Dövlət orqanlarının uzun müddət ərzində yol verdikləri bu maraq 1 saylı
protokolun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından “mülkiyyət”ə bərabərdir.
Ümumiləşdirmə apararaq qeyd etmək istəyirəm ki, əgər bir dövlətin ərazisində qanunsuz tikintiyə başlandığı andan etibarən aidiyyəti qurumlar (sahənin müvəkkili, bələdiyyənin işçiləri, icra hakimiyyətinin nümayəndələri) qanunsuz tikinti faktından xəbər tuturlarsa, “gözlərini yummaq” üçün rüşvət alıb susurlarsa və bununla vətəndaşa tikinti aparmaq üçün örtülü də olsa icazə verirlərsə, vətəndaş həmin evi tikib qurtarırsa, orada illərlə yaşayırsa, həmin qanunsuz tikili hesab olunan evə telefon xətti çəkilirsə, işıq, su və qaz sayğacı quraşdırılırsa, həmin evdə yaşayan şəxs yaşadığı evin bütün kommunal xərclərini ödəyirsə, onda dövlətdaxili qanunvericiliyə əsasən ev daşınmaz əmlakın dövlət reyestri xidmətindən qeydiyyatdan keçməmiş olsa belə, həmin şəxsin mülkiyyəti sayılır.
Ümid edək ki, bu problem yaxın gələcəkdə kompleks şəkildə öz həllini tapacaq.

Qasımova F.

Comments:

 

Xəbərlər

21.11.2014

CPM-ə Edilən Dəyişikliklər Mövcud Praktikanı Dəyişir.

Son günlər ərzində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə edilən dəyişikliklər illər ərzində mö...

30.09.2014

FIDIC Müqavilələri və onların əsas xüsusiyyətləri mövzusunda iki günlük təlim keçirildi.

“Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası”İctimai Birliyi ilə Remedium Hüquq Mərkəzinin əməkdaşlığı çə...

28.08.2014

Remedium HM-nın həmtəsisçisi və Remedium HK-nın koordinatoru vəkil adını qazandılar.

Remedium Hüquq Mərkəzinin həmtəsisçisi Fuad Qəşəmov və Remedium Hüquq Klinikasının koordinatoru Faiq Kazımov ...