Dəm qazı və yaşamaq hüququ

Yaşamaq hüququ insanın ən təbii hüquqlarından biri, hətta ən başlıcasıdır. Çünki, yaşamaq hüququ olmadan digər hüquqlar öz mənasını itirir. Yaşamaq hüququ Universal İnsan Hüquqları Bəyannaməsinin 3-cü maddəsində, Mülki və Siyasi Hüquqlar Haqqında 1966-cı il Beynəlxalq Paktının 6-cı maddəsində və Əsas Hüquqlar və Azadlıqlar Haqqında Avropa Konvensiyasının 2-ci maddəsində ifadə olunmuşdur.

 


Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın 6-cı maddəsinə əsasən yaşamaq hüququ hər bir insanın ayrılmaz hüququdur. Bu hüquq qanunla qorunur. Heç kəs özbaşına həyatdan məhrum edilə bilməz.
Bu maddənin işığında yaşamaq hüququnun məzmun və mahiyyətini aydınlaşdırmağa çalışsaq görərik ki, heç bir kəs dövlət orqanları və yaxud hakimiyyət nümayəndələri tərəfindən həyatından məhrum edilə bilməz. “Qanunla qorunur” anlayışı o deməkdir ki, adam öldürmə əməli dövlətin cinayət qanunvericiliyi ilə kriminallaşdırılmalı və qadağan olunmalıdır.
Yaşamaq hüququ ilə bağlı dövlətin öhdəlikləri bununla bitmir. Şəxsin həyatdan məhrum olma hadisəsi baş verdikdə bu hadisə bədbəxt hadisə olmuş olsa belə dövlətin hüquq mühafizə orqanları tərəfindən cinayət işi başlamalıdır. Təsadüfi deyildir ki, hətta intihar hallarında belə Azərbaycanda CM-nin 125-ci maddəsi ilə (“özünü öldürmə həddinə çatdırma”) cinayət işi başlanır.
Bundan əlavə, dövlət qaçılmaz ölüm təhlükəsi olan halların qarşısını almağa borcludur.
Sözsüz ki, dövlət mütləq qaydada hər kəsin yaşamaq hüququnu qorumaq iqtidarında deyildir. Çünki, dövlətin hər bir şəxs üçün cangüdən və ya mühafizəçi təyin etmək imkanı yoxdur və bu praktiki cəhətdən də mümkün deyil.
Dövlətin yaşamaq hüququ ilə bağlı öhdəlikləri haqqında ümumi təsəvvürümüz yarandıqdan sonra son zamanlar insanların “qatil”inə çevrilən dəm qazı probleminə, dəm qazından həyatını itirmə halları ilə əlaqədar dövlətin məsuliyyət daşıyıb daşımamasının mümkünlüyü barədə düşünmək gərəkdir.
Demək olar ki, hər gün xəbərlərdən kimin və ya kimlərinsə dəm qazından dünyasını dəyişdiyi barədə informasiyaları izləyirik. Bu yaxınlarda yeni ailə həyatı quran cütlük dəm qazından ömürlərinin cavan çağında həyatla vidalaşmalı oldular. Bu xəbər açığı mənə çox pis təsir etdi. Amma, fərqi yoxdu, cavan və ya qoca, xoşbəxt ər-arvad və ya bir-birilə qeyri-rəsmi nikah münasibətlərində olan, aralarında 21 yaş fərqi olan sevgililər olsun, mahiyyət etibarilə söhbət insan həyatından gedir. Əgər vəziyyət belə kritik həddə çatırsa, həyəcan təbili çalınmalıdır.
Mütəxəssislərin əksəriyyəti problemi insanların özlərində görürlər. Dövlətin bu mənada üzərinə insanları maarifləndirmə öhdəliyi düşür. Müvafiq dövlət qurumları insanları qaz sobası alarkən diqqətli olmağa, təhlükəsizlik qaydalarına riayət etməyə, otaqlarda havanı tez-tez dəyişməyə və s. çağıra bilər. Amma, yuxarıda qeyd etdiyim kimi, dövlət nümayəndələri bir-bir insanların qapısını döyüb onların sobasına baxış keçirə, pencərələrini açıb havanı dəyişə bilməz.
Bir çox problemlərin kökündə informasiya qıtlığı dayandığı kimi, dəm qazından ölmə və ya zəhərlənmə hallarının kökündə də bu problem dayanır.
Dövlət dəm qazından şəxslərin ölməsi ilə bağlı o halda məsuliyyət daşıya bilər ki:
-    qazın tərkibində zəhərli elementlər var və bu qaz təmizlənmədən insanlara verilir; Ekspertlər bildirirlər ki, Azərbaycanda əhaliyə verilən məişət qazının tərkibi normaldır və məişət qazının tərkibində metan, etan, propan və butan var. Bu maddələr isə normal şəraitdə yanma qabiliyyətinə malikdir və yanma zamanı hər hansı zərərli maddələr buraxılmır. Amma, bəzi vətəndaşlar israrla əhaliyə verilən qazın keyfiyyətinin aşağı olmasını iddia edir və problemin məhz bundan qaynaqlandığını bildirirlər.
-    təhlükəsizlik meyarlarına cavab verməyən sobaların istehsalına, idxalına və s. dövlət tərəfindən icazə verilməsi; idxal olunan aşağı keyifyyətli  qaz sobalarına uyğunluq sertifikatının verilməsi və s.; Kütləvi informasiya vasitələrindən (www.itv.az) əldə etdiyimiz məlumata əsasən, Azərbaycana gətirilən qaz sobaları yoxlanıldıqdan sonra Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən onlara uyğunluq sertifikatı verilməlidir. İranın 6 şirkəti isə bu sertifikatı ala bilməyib. Onların istehsal etdiyi sobalar təhlükəsizlik standartlarına cavab vermədiyindən  Azərbaycana gətirilməsinə qadağa qoyulub.
-    Müəyyən profilaktik tədbirlər dövlət tərəfindən həyata keçirilməli olduğu halda, buna əməl olunmur; Sovet dövründə tikilmiş mənzillərdə yaşayan vətəndaşların müəyyən qismi bildirir ki, “əvvəllər Mənzil İstismar Sahələri (JEK-lər) tərəfindən qışa hazırlıq tədbirləri görülürdü. Mənzillərin bacaları təmizlənərdi. Amma, indi həmin qaydalara riayət olunmur.”  MİS-lərin fəaliyyətinə nəzarət edən dövlət rəsmiləri isə bildirirlər ki, MİS-lərin maliyyə imkanlarının zəif olmasına baxmayaraq, binaların bacaları hər il təmizlənir və hətta, müvafiq müraciət olduğu təqdirdə, yaşayış binalarının blokların ventilyasiya sistemi yenidən təmizlənir.
Əziz oxucular Sizlərə tövsiyyəm odur ki, dəm qazının “dəmi gəlməmiş” aşağıdakılara riayət edin:
-    Otaqları çox qapalı saxlamayın və tez-tez otaqların havasını dəyişin;
-    Soba alarkən onun təhlükəsizlik qaydalarına cavab verib-vermədiyini, uyğunluq sertifikatının olub olmadığını araşdırın. Kustar üsulla hazırlanmış sobaları almaqdan çəkinin;
-    Tüstü bacalarını tez-tez təmizləyin;
-    Dəm qazı ilə bağlı özünüz fərdi qaydada məlumatlanın. Öyrənin, öyrəndiyinizi tətbiq edin, digərlərini də öyrədin və təşviq edin.
Unutmayın ki, Sizin adi hesab etdiyiniz bu informasiya kiminsə həyatını ölümdən xilas edə bilər.

 

Həsənov U.

Comments:

 

Xəbərlər

21.11.2014

CPM-ə Edilən Dəyişikliklər Mövcud Praktikanı Dəyişir.

Son günlər ərzində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə edilən dəyişikliklər illər ərzində mö...

30.09.2014

FIDIC Müqavilələri və onların əsas xüsusiyyətləri mövzusunda iki günlük təlim keçirildi.

“Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası”İctimai Birliyi ilə Remedium Hüquq Mərkəzinin əməkdaşlığı çə...

28.08.2014

Remedium HM-nın həmtəsisçisi və Remedium HK-nın koordinatoru vəkil adını qazandılar.

Remedium Hüquq Mərkəzinin həmtəsisçisi Fuad Qəşəmov və Remedium Hüquq Klinikasının koordinatoru Faiq Kazımov ...