Nizami Gəncəvi və insan hüquqları

Nizami Gəncəvi böyük bir mütəfəkkirdir. Onun əsərlərini hər dəfə oxuyanda özün üçün nəsə yeni bir şey kəşf edirsən.
İlk baxışdan fikirləşirsən ki, Nizami Gəncəvi 12-ci əsrdə yaşayıb yaratmış bir şairdir. Onun əsərlərində müasir mənada, özü də hüquqla əlaqədar bir şey tapmaq olmaz. Lakin, bu fikir kökündən yanlışdır.

 


Elə başlayaq birinci, bu məşhur parçadan:
Erkək tinətliyəm olsam da qadın,
Hər işi bəllidir mənə dünyanın.
Mən də bir aslanam, düşünsən bir az,
Aslanın erkəyi, dişisi olmaz.
Bunu Nizami Gəncəvi İskəndərnamə əsərində Nüşabənin dilindən İskəndərə deyir. Müasir dövrümüzdə geniş yayılan gender bərabərliyi ideyası 12-ci əsrdə yaşamış Nizaminin əsərlərində öz əksini tapmışdır. Nəzərə alsaq ki, Avropada gender bərabərliyi ilə bağlı hərəkatlar əsasən 19-cu əsrin sonlarında sufrajistlərin hərəkatından  başlayır, Nizami Gəncəvinin nə qədər dahi bir şəxs olduğunu sübut etməyə ehtiyac yoxdur.
Digər bir misraya nəzər salaq:
“Qüvvət elmdədir, başqa cür heç kəs
Heç kəsə üstünlük eyləyə bilməz...”
Bu misralarda həm təhsil hüququ, həm də bərabərlik hüququ ifadə olunmuşdur.
Bu misralara diqqətimizi cəlb edək:
Bir xonça qoyuldu günəşdən parlaq,
Içində dörd büllur kasa qoyaraq,
Biri ləl, o biri qızıldan dolmuş,
Biri dürr, birinə yaqut qoyulmuş.
Elə ki, uzandı əllər süfrəyə,
Ağızlar açıldı təam yeməyə,
Nüşabə dedi: "Ey böyük hökmüran,
Yeyiniz, ən dadlı bu xuruşlardan."
İskəndər söylədi: "Ey sadə dilbər,
Ölçüsüz söyləmə, tökməyəsən tər.
Düzmüsən süfrəmə almaz, yaqut, dürr,
Daş-qaş yeyilərmi, bu nə deməkdir?
Daşı da yeyərmi ağıllı insan?
Bu rəngi təbiət həzm etməz, inan!
Eylə bir yemək ver mədəmiz dolsun,
Rəğbətlə ona əl uzatmaq olsun."
Nüşabə gülərək söylədi şaha:
"Daşın ki, boğaza yolu yox daha,
Faydasız, yaramaz belə daş üçün
Bu qədər vuruşmaq, çarpışmaq neçin?
Əgər fikir verdinizsə, Nüşabə İskəndər üçün süfrə açır. Amma, süfrəyə yemək yerinə ləl-cəvahirat, daş-qaş düzür. İskəndər isə ona iradını bildirir ki, bu daş-qaşı, ləl-cəvahiratı yemək mümkün deyil. Bizə elə bir yemək ver ki, onu yeyib həzm edə bilək. Nüşabə isə cavabında bildirir ki, bir şey ki, boğazdan keçmir, bir şeyi ki yemək mümkün deyil, onun üçün vuruşmaq nəyə lazım. Bununla da, ehtimal olunan savaşın qarşısı alınır. Məhz bu misralarla Nizami Gəncəvi BMT-nin Nizamnaməsində əks olunan “pasifizm” ideyasının əsasını qoymuş, insanları, xüsusən də o dövrün hökmdarlarını sülhə və təhlükəsizliyə dəvət etmişdir.
Bu misralardan isə Nizami Gəncəvinin söz və ifadə azadlığına münasibətini öyrənmək mümkündür:
Sözün də su kimi lətafəti var,
Hər sözü az demək daha xoş olar.
Bir inci saflığı varsa da suda,
Artıq içiləndə dərd verir su da.
İnci tək sözlər seç, az danış, az din,
Qoy az sözlərinlə dünya bəzənsin.
Düzdür, deyə bilərsiniz ki, Nizami Gəncəvi bu misralarda az danışmağı təbliğ edir. Xeyr, bu belə deyil. İnsan hüquqları ilə bağlı beynəlxalq sənədlərdə belə ifadə azadlığının məhdudlaşdıran hallar var. Nizami Gəncəvi də insanlar arasında nifaq salan fikirləri ifadə etməyin tərəfdarı olmamışdır.
Bu misralarda Nizami Gəncəvinin ifadə azadlığına nə qədər önəm verdiyi bir daha özünü biruzə verir:
Yeri qarış-qarış dolaşmışdı o,
Fikriylə göylərə ucalmışdı o.
Bu misraları isə Nizami Gəncəvi əmək hüququ ilə bağlı görüşlərini açıqlamış, insanları əməyə, zəhmətə təşviq etmiş, insanları səfalət və dilənçilikdən çəkindirmişdir:
Mən bir kəsə deyiləm xəznədən ötrü möhtac,
Əlimin zəhmətilə toxdur gözüm, deyil ac.
Onun üçün öyrətdim ki, əlimi bu sənətə,
Bir gün sənə əl açıb düşməyim xəcalətə.
Əslində, dahi Nizami Gəncəvinin hüquqla bağlı ideyalarını bir məqalədə təhlil etmək qeyri-mümkündür. Bunun haqqında geniş bir dissertasiya da yazmaq olar. Sadəcə bunu yazmaqda məqsədim gəncləri Nizami Gəncəvinin əsərlərinə və insan hüquqlarına fərqli yanaşmağı təşviq etməkdir.

 

Həsənov H.

Comments:

 

Xəbərlər

21.11.2014

CPM-ə Edilən Dəyişikliklər Mövcud Praktikanı Dəyişir.

Son günlər ərzində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə edilən dəyişikliklər illər ərzində mö...

30.09.2014

FIDIC Müqavilələri və onların əsas xüsusiyyətləri mövzusunda iki günlük təlim keçirildi.

“Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası”İctimai Birliyi ilə Remedium Hüquq Mərkəzinin əməkdaşlığı çə...

28.08.2014

Remedium HM-nın həmtəsisçisi və Remedium HK-nın koordinatoru vəkil adını qazandılar.

Remedium Hüquq Mərkəzinin həmtəsisçisi Fuad Qəşəmov və Remedium Hüquq Klinikasının koordinatoru Faiq Kazımov ...