Təcrübədə məhkəmə qərarlarının icrası

Azərbaycanın hüquq sistemində problemli sahələrdən biri məhkəmə qərarlarının icrası məsələsidir. Şəxsin hər hansı məhkəmə aktında nəzərdə tutulan hüququnun dövlət məmurunun vasitəsilə həyata keçirilməsinə olan hüququ onun əsas hüquqlarından biridir. Təsadüfi deyil ki, Avropa İnsan Hüquqları Məhkəməsi Hornsbi Yunanıstana qarşı məhkəmə işində belə qərara gəlib ki, Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı. AİHM-nın presedent hüququna görə, AİHK-nın 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) dinləmədən sonrakı prosedurları, məhkəmə qərarının icrası prosedurunu da əhatə edir.

 


Bu baxımdan da məhkəmə qərarlarının icrası ədalətin təmin edilməsi baxımından, dövlətdə hüquqi mexanizmlərin işləməsi baxımından mühüm əhəmiyyətə malikdir. Bir dövlətdə ki, şəxsin müəyyən hüququ məhkəmə aktında təsbit olunursa və həmin hüquq reallaşa bilmirsə, deməli, ədalət təmin olunmur, məhkəmə aktında təsbit olunan hüququn heç bir mahiyyəti qalmır. Bununla da həmin dövlətdə yaşayan insanların ədalət mühakiməsinə olan inamına sarsıdıcı zərbə vurur.
Azərbaycanda məhkəmə qərarlarının icrası 27 dekabr 2001-ci il tarixli “İcra haqqında” Qanuna əsasən həyata keçirilir. Bundan əlavə, 28 dekabr 1999-cu il tarixli “İcra məmurları” haqqında Qanun da mövcuddur ki, həmin Qanunda icra məmurlarının hüquq və vəzifələri, onların təminatı ilə bağlı müddəalar öz əksini tapmışdır.
Qeyd etmək lazımdır ki, İcra haqqında Qanunda məhkəmə qərarlarının icrasını təmin etmək üçün hüquqi baza roluna malik kifayət qədər normal müddəalar mövcuddur. Daha doğrusu, məhkəmə qərarlarının icra olunmaması problemi sırf qanunvericilikdən qaynaqlanan bir problem deyil. Düzdür, hüquqi müəyyənlik baxımından qanunvericilikdə müəyyən problemlər var, amma, bu problem də İcra haqqında Qanunun yox, Mülki Prosessual Məcəllənin problemidir. Misal üçün, iş icra şöbəsinin icraatının icraatında ola-ola cavabdeh tərəf prosessual müddətin bərpası haqqında ərizə ilə məhkəməyə müraciət edib, apellyasiya şikayəti verə bilirlər. Hətta birinci instansiya məhkəməsinin qərarından 1 il keçməsinə və icra işinin yekunlaşmasına baxmayaraq bəzən həmin işdən apellyasiya şikayəti vermək mümkün olur. Bu özü hüquqi müəyyənlik prinsipinə ziddir.
Məhkəmə qərarlarının icrası ilə bağlı problemin qaynaqları kimi aşağıdakılar göstərmək olar:
1.    Korrupsiya – Məhkəmə qərarında müəyyən vəzifəni yerinə yetirməli olan şəxs (borclu) icra məmuru ilə qeyri-qanuni sövdələşməyə girərək məhkəmə qərarının icrasına mane olurlar.
2.    Tələbkarın məlumatsızlığı – Məhkəmə qərarı xeyrinə icra edilməli olan şəxs (tələbkar) bir çox hallarda öz hüquqlarını bilmir və bu hal da icra məmurunun öz vəzifəsindən sui-istifadəsinə yol açır.
3.    Borclunun hüquq mədəniyyətinin olmaması – Borclu şəxslər adətən bütün vasitələrə əl atıb məhkəmə qərarının icrasından yayınmağa səy göstərirlər. İcra haqqında Qanunda nəzərdə tutulan tədbirlər bəzən kifayət etmir ki, borclu qərarı icra etsin. Misal üçün, borclu Banka olan borcunu ödəmir. Borclu tanış hüquqşünaslardan maraqlanır ki, mən o borcu qaytarmasam, məni hansı hüquqi nəticələr gözləyir? Borcludan soruşulur ki, adına hansı əmlak var, avtomobil və ya mənzil? Borclu cavab verir ki, heç nə adıma rəsmiləşdirilməyib, evim atamın adına, avtomobilim də həyat yoldaşımın adına rəsmiləşdirilib. Borclu soruşur ki, məni borca görə azadlıqdan məhrum edə bilərlər? Ona cavab verirlər ki, yox, Avropa İnsan Hüquqları Konvensiyasının 4 saylı Protokoluna əsasən borca görə azadlıqdan məhrumetmə cəzası yolverilməzdir. Bundan sonra borclu “qol-qanad açır.”
4.    Dövlət orqanları arasında qarşılıqlı əlaqənin zəif olması – Məhkəmə qərarlarının icrası ilə bağlı problem birinci elə həmin qərarı vermiş məhkəmənin özündən qaynaqlanır. Məhkəmə qərarını onu qəbul etmiş hakim icraya yönəltməlidir. Praktikada əksər hallarda məhkəmə qərarları hakimlər tərəfindən icraya düzgün yönəldilmir. Misal üçün, yaşayış yerləri müxtəlif olan bir neçə cavabdehə qarşı  olan işlərdə hakim, hər bir cavabdehin yaşayış yerinə görə müvafiq icra şöbəsinə ayrı icra vərəqəsi verməli olduğu halda, məhkəmə özünün yerləşdiyi rayonun icra şöbəsinə bir icra vərəqəsi göndərir. Praktikada bu elementar səhvi düzəltmək üçün aylar tələb olunur. Bəzi icra tədbirləri var ki, icra məmuru özbaşına həmin tədbiri həyata keçirə bilmir, icra məmuru bunun üçün məhkəməyə təqdimat verməlidir, məhkəmə həmin təqdimatı təmin etdikdən sonra, icra məmuru həmin tədbiri həyata keçirə bilər. Məsələn, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması, borclunun əmlakının üzərinə həbs qoyulması, borclunun inzibati məsuliyyətə cəlb olunması. Düzdür, bu özbaşınalığın qarşısının alınması baxımından yaxşıdır. Borclunun hüquq və qanuni mənafelərinə ciddi şəkildə təsir edə biləcək bir qərarın məhkəmə tərəfindən qəbul edilməsi təqdirəlayiqdir. Amma, araya məhkəmə faktorunun girməsi işi ləngidir. İki ay ərzində icra edilməli olan qərarın icrasını illərlə uzatmaq mümkündür. Digər tərəfdən, tutaq ki, icra məmurunun təqdimatı əsasında məhkəmə tərəfindən borclunun avtomobilinin üzərinə həbs qoyulub. Bu zaman avtomobilin saxlanması Dövlət Yol Polisinə həvalə olunur. İcra məmuru DYP-yə yalnız üzərinə həbs qoyulmuş avtomobilin saxlanması xahişilə məktub göndərə bilər ki, bu da bir çox hallarda nəticəsiz qalır.
5.    “Futbol topu effektli” icra vərəqəsi – Bu problem əslində çox ciddi və mürəkkkəb problemdir. Bu problemi konkret misalla nəzərinizə çatdırmaq istəyirəm. Əhməd, Məmməd və Şərbət adlı üç dost Topqulu adlı şəxsdən 10.000 manat məbləğində borca pul alıblar. Əhməd Yasamal rayonunda, Məmməd Suraxanı rayonunda, Şərbət isə Qaradağ rayonunda qeydiyyatdadır. Əhməd  Nərimanov rayonunda yerləşən “MMC1” şirkətində işləyir, Məmməd Səbail rayonunda yerləşən “MMC2” şirkətində işləyir, Şərbət isə Nizami rayonunda yerləşən “MMC3” şirkətində işləyir. İnanın mənə belə olan halda tələbkar şəxs olan Topqulunu icra şöbələri “futbol topuna” döndərəcəklər. İşə baxan Yasamal Rayon Məhkəməsi ən yaxşı halda icra vərəqəsini icra olunması üçün borclu şəxslərin yaşayış yerinə görə icraya yönəldəcək.  Təsəvvür edin ki, Topqulu onun xeyrinə olan qərarın icrası ilə bağlı birinci, Yasamal, Suraxanı və Qaradağ rayon icra şöbələri ilə əlaqə saxlamalı olacaq. Sonradan bu icra şöbələrini Nərimanov, Səbail və Nizami rayon icra şöbələri əvəz edəcək. Halbuki İcra haqqında qanunda nəzərdə tutulub ki, bir-birilə əlaqəli icra vərəqələri bir icraatda birləşdirilə bilər. Praktikada vətəndaşları “incitməyə” yönəlik meyllər aradan qaldırılmalıdır.
6.    İcra nümayəndəliyi institutunun zəif inkişaf etməsi - Məhkəmələrdə hüquqşünas olmayan tərəflər hüquqi biliyə malik nümayəndələr və ya vəkillər vasitəsilə təmsil olunurlar və bu bir çox müşküllərin öz həllini tapması ilə nəticələnir. Amma, icra şöbələrində icraat zamanı tərəflər çox az hallarda hüquqi biliyə malik nümayəndələr vasitəsilə təmsil olunurlar. İcra haqqında Qanunun müddəaları icra nümayəndəliyi institutuna yol verir və bununla bağlı müvafiq normalar həmin Qanunda öz əksini tapmışdır. Hüquqi məlumatın az olması və hüquqi biliyi olan şəxslərin köməyindən istifadə etməmə nəticəsində tələbkarlar və ya borclular bir çox hallarda qanun pozuntusu ilə üzləşə bilərlər.
7.    İcra məmurlarının fəaliyyətinə nəzarət məsələsi – İcra məmurlarının fəaliyyətinə nəzarəti müvafiq qərarı qəbul etmiş məhkəmə, müvafiq icra şöbəsinin rəhbəri və ən əsası Ədliyyə Nazirliyinin İcra Baş İdarəsi həyata keçirir. Təcrübədə qərarı qəbul etmiş hakim əksər hallarda qəbul etdiyi qərarın icrasında maraqlı olmur. Daha doğrusu, hakim qərarı qəbul etməklə vəzifəsinin bitdiyini hesab edir. Qanunvericilikdə, icra məmurlarının hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət vermək də mümkündür. Bu da çox effektiv metod deyil. Çünki, icra məmurunun hərəkət və hərəkətsizliyindən şikayət onun olduğu yerin məhkəməsinə verilməlidir. Nəzərə alsaq ki, əksər icra şöbələri ilə məhkəmə eyni binada yerləşirlər, belə olan halda hakimin obyektivliyi və qərəzsizliyi şübhə doğurur. Müvafiq icra şöbəsinin rəhbəri icra şöbəsinin cari fəaliyyətinə rəhbərliyi həyata keçirir və nəzarət baxımından çox ciddi səlahiyyətlərə malik deyil. Çünki icra məmurunu vəzifədən azad etmək onun səlahiyyətində deyil. İcra Baş İdarəsi əksər hallarda icra məmurunun fəaliyyəti ilə bağlı şikayətə cavab olaraq şikayət olunan icra şöbəsinin rəhbərinə və şikayət edən şəxsə məktub yazır və məktubda  icra şöbəsinə icra sənədini icra edib nəticəsi barədə tələbkara və Baş İdarəyə məlumat verilməsi ilə əlaqədar tövsiyyə edici mahiyyətdə müraciət olunur. İcra məmuru çox ciddi pozuntuya yol verməsi halı istisna olmaqla əksər hallarda icra məmurunun etdiyi pozuntularla  bağlı əməli tədbirlər həyata keçirilmir.
8.    Tədbirlərin yumşaqlığı - Nə qədər qəribə səslənsə də, icra məmurları borclulara qarşı çox sərt tədbirlər tətbiq etməkdə maraqlı deyillər. Bu mənada icra məmurları borclulara qarşı yumşaq davranırlar. Misal üçün, Cinayət Məcəlləsində məhkəmə qərarlarının icra etməməyə və ya icrasına maneçilik törətməyə görə cinayət məsuliyyəti nəzərdə tutulsa da bu məcburi icra tədbiri az hallarda tətbiq olunur.

Sonda, hər kəsi öz hüquq və azadlıqları ilə bağlı məlumatlı olmağa dəvət edirəm. Nə qədər ki, öz hüquqlarımızı bilməsək, öz haqqımızı tələb edib, ədalətin bərqərar olmasına  müvəffəq ola bilməyəcəyik.

 

Şükürova F.

Comments:

 

Xəbərlər

21.11.2014

CPM-ə Edilən Dəyişikliklər Mövcud Praktikanı Dəyişir.

Son günlər ərzində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə edilən dəyişikliklər illər ərzində mö...

30.09.2014

FIDIC Müqavilələri və onların əsas xüsusiyyətləri mövzusunda iki günlük təlim keçirildi.

“Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası”İctimai Birliyi ilə Remedium Hüquq Mərkəzinin əməkdaşlığı çə...

28.08.2014

Remedium HM-nın həmtəsisçisi və Remedium HK-nın koordinatoru vəkil adını qazandılar.

Remedium Hüquq Mərkəzinin həmtəsisçisi Fuad Qəşəmov və Remedium Hüquq Klinikasının koordinatoru Faiq Kazımov ...