Fransa Milli Assambleyasının qondarma “erməni soyqırımı” ilə bağlı qərarı və ifadə azadlığı

İfadə azadlığı demokratiyanın əsas sütunlarından biridir. Demokratik cəmiyyətin formalaşması üçün (təbii ki, yaşamaq və azadlıq hüququndan sonra) yığıncaqlar və birləşmək azadlığı və seçki hüququ ilə bərabər ifadə azadlığı çox mühüm elementlərdən biridir.
Bu baxımdan da bir dövlətin ifadə azadlığına müdaxiləsi ilə onun avtoritar və ya demokratik rejim olmasını müəyyən etmək olur.
İfadə azadlığı Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin və Vətəndaş və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın 19-cu maddələrində, Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsində təsbit olunmuşdur.

 


Qeyd edilən beynəlxalq sənədlərə tərəf olan dövlətlər öz üzərlərinə ifadə azadlığı ilə bağlı öhdəliklər götürürlər.
Demokratiya və insan hüquqlarına beşik ölkə sayılan və bu günə kimi əksər hallarda demokratiya və insan hüquqları sahəsində nümunə kimi göstərilən Fransa da ifadə azadlığı ilə bağlı öz üzərinə öhdəliklər götürmüşdür və həmin öhdəliklərə qeyd-şərtsiz əməl etməlidir.
2011-ci il dekabr ayının 22-də Fransa Milli Assambleyası qondarma “erməni soyqırımı”nın inkar edilməsinə görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsini qəbul etmişdir. Yeni qanun layihəsi qondarma “erməni soyqırımı”nı inkar edənlərə qarşı bir ilədək azadlıqdan məhrumetmə cəzası və 45 min avro həcmində cərimə nəzərdə tutur.
Hesab edirəm ki, Fransa Milli Assambleyasının “erməni soyqırımı”nı inkar edilməsinə görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsi ifadə azadlığına müdaxilədir.
Düzdür, ifadə azadlığı mütləq hüquq deyil, nisbi hüquqdur. Yəni, ifadə azadlığı müəyyən məhdudiyyətlərə məruz qala bilər.  AİHK-nın 10-cu maddəsinin 2-ci bəndində bu məhdudiyyətlər nəzərdə tutulmuşdur:
a) milli təhlükəsizlik;
b) ərazi bütövlüyü;
c) ictimai asayiş;
d) iğtişaşın və ya cinayətin qarşısını almaq;
e) sağlamlığın və ya mənəviyyatın qorunması;
ə) digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi;
f) gizli əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün;
Bu məhdudiyyətlər eyni zamanda “demokratik cəmiyyətdə zəruri olma” meyarı ilə əsaslandırılmalıdır.
Göründüyü kimi, ifadə azadlığının məhdudlaşdırılması üçün ciddi əsaslar olmalıdır və həmin əsaslar demokratik cəmiyyət üçün zəruri olmalıdır.
Fransa Milli Assambleyasının “erməni soyqırımı”nın inkar edilməsinə görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsi öz-özlüyündə ifadə azadlığına müdaxilədir. Təsəvvür edin ki, bir Azərbaycan və ya Türkiyə vətəndaşı Fransada keçirilən tədbirdə “Ermənilərin soyqırımla bağlı iddiaları əsassızdır” desə bu qanun layihəsinin qüvvəyə minməsi ilə həmin şəxsi ya bir il azadlıqdan məhrumetmə cəzası ya da 45 000 avro cərimə gözləyir. Qısacası, qanun layihəsini qüvvəyə minməsi ilə ifadə azadlığına müdaxilə baş vermiş olacaq. AİHK-nın 10-cu maddəsinin 2-ci bəndində nəzərdə tutulan hallara yenidən nəzər salsaq görərik ki, “erməni soyqırımı”nın inkar edilməsinə görə cinayət məsuliyyətini nəzərdə tutan qanun qəbul etmək nə milli təhlükəsizlik, nə ərazi bütövlüyü, nə ictimai asayiş, nə də digər məhdudiyyətlər kateqoriyasına daxil deyil. Düzdür, Fransa bu layihəni “digər şəxslərin hüquqlarının müdafiəsi” arqumenti ilə əsaslandırmağa çalışacaq. Burada bir məsələyə toxunmaq istəyirəm. Fransada yaşayan ermənilərlə türklərin sayı təxminən bərabərdir. Hər iki millətdən 400.000 civarında insan yaşayır. Fransa bu qanunu qəbul etsə. 400.000 insanın hüququnu qorumaqla yanaşı 400.000 insanın hüququnu pozmuş olacaq.
Bu qanun layihəsini müdafiə edən ermənipərəst qanunvericilər qondarma “erməni soyqırımını” Holokostla bərabər tutmağa çalışırlar. Bildiyimiz kimi, Holokostu inkar etməyə görə cinayət məsuliyyətinin nəzərdə tutulması heç də ifadə azadlığının pozuntusu deyil. Holokost məsələsi AİHK-nın 17-ci maddəsinin əhatə dairəsinə daxildir və həmin maddəyə görə Konvensiyada heç nə hər hansı dövlətin, qrupun və ya şəxsin burada təsbit olunan hüquq və azadlıqlarının ləğvinə yönəlmiş hər hansı fəaliyyətlə məşğul olmaq və ya hər hansı əməl törətmək və  ya  onları  Konvensiyada  nəzərdə  tutulandan  daha  artıq  məhdudlaşdırmaq hüququna malik olması kimi şərh oluna bilməz.
Burada dərhal “Fətullayev Azərbaycana qarşı” məhkəmə işinə istinad etmək istəyirəm. Həmin işdə hökumət tərəfi Konvensiyanın 17-ci maddəsinə və D.İ. Almaniyaya qarşı məhkəmə işinə istinad etmişdi. Lakin, AİHM bununla bağlı hökümətin arqumentini qəbul etmədi və bildirdi ki, həmin işdə situasiya heç də elə situasiyalarla eyni deyil ki, bu zaman 10-cu maddənin təmin etdiyi müdafiə Holokost kimi aydın şəkildə müəyyən edilmiş tarixi faktların inkarı  və ya başqa cür yozumu ucbatından 17-ci maddənin vasitəsilə ləğv edilmiş olur. Məhkəmə belə nəticəyə gəlib ki, həmin işdə ərizəçinin ifadə azadlığı Konvensiyanın 17-ci maddəsi vasitəsi ilə 10-cu maddənin müdafiə dairəsindən çıxarıla bilməz. Çünki, Fətullayev Xocalı qətliamının hamılıqla qəbul olunan təqsirkarlarına bəraət qazandırmağa, onların məsuliyyətini yüngülləşdirməyə, yaxud onların hərəkətini hər hansı formada təqdir etməyə çalışmayıb.
“Fətullayev Azərbaycana qarşı” məhkəmə işindən gördük ki, məhkəmə Xocalı soyqırımını Holokost qədər aydın şəkildə müəyyən edilmiş tarixi fakt hesab etmir. Halbuki, Xocalı soyqırımı 20 il əvvəl baş verib və bunun törədilməsində təqsirkar şəxslərin adlarından tutmuş, hadisənin hər xırda təfərrüatına qədər hər şey bəllidir və bunu sübut etmək üçün Azərbaycan tərəfinin əlində kifayət qədər dəlillər var.
Qondarma “erməni soyqırımı”na nəzər salaq. Hazırki vəziyyətdə qondarma “erməni soyqırımı” məsələsi tarixi bir məsələdir. Hal-hazırda nə Ermənistan tərəfinin istinad etdiyi arqumentlər, nə də Türkiyə tərəfinin istinad etdiyi arqumentlər fakt kimi öz təsdiqini tapmayıb. Dəfələrlə Türkiyə tərəfindən Ermənistana, eləcə də, bu məsələ ilə məşğul olmaq istəyən digər dövlətlərə, o cümlədən Fransaya, bildirilib ki, Türkiyə Osmanlı İmperiyasının arxivini açmağa, bütün maraqlı tərəflərin iştirakı ilə tədqiqat aparmağa hazır və razıdır. Bu məsələ ilə bağlı tarixi faktlar öz təsdiqini tapandan sonra buna hüquqi qiymət verilə bilər.
Əlbəttə ki, qondarma “erməni soyqırımı” da Holokost qədər aydın şəkildə müəyyən edilmiş tarixi fakt hesab olunmur. Ona görə də, Fransa AİHK-nin 17-ci maddəsinə istinad edib 10-cu maddənin pozuntusuna bəraət qazandıra bilməzlər.
Öz təsdiqini tapmayan fərziyyələrə görə hər hansı bir şəxsin hüquq və azadlığının məhdudlaşdırılması, onun azadlıqdan məhrumetmə kimi sərt cəzaya məruz qalması demokratik cəmiyyətdə zərurilik meyarına cavab verə bilməz.
Fransa Milli Assambleyasının qondarma “erməni soyqırımı”nın inkar edilməsinə görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsinə etiraz edirəm və Fransa hakimiyyətini insan hüquq və azadlıqlarına hörmət etməyə çağırıram.

 

Anar M. N.

Comments:

 

Xəbərlər

21.11.2014

CPM-ə Edilən Dəyişikliklər Mövcud Praktikanı Dəyişir.

Son günlər ərzində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə edilən dəyişikliklər illər ərzində mö...

30.09.2014

FIDIC Müqavilələri və onların əsas xüsusiyyətləri mövzusunda iki günlük təlim keçirildi.

“Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası”İctimai Birliyi ilə Remedium Hüquq Mərkəzinin əməkdaşlığı çə...

28.08.2014

Remedium HM-nın həmtəsisçisi və Remedium HK-nın koordinatoru vəkil adını qazandılar.

Remedium Hüquq Mərkəzinin həmtəsisçisi Fuad Qəşəmov və Remedium Hüquq Klinikasının koordinatoru Faiq Kazımov ...