Dolu qarın Tezisi

Bir çox hüquq sahələri kimi, insan hüquqları da müəyyən təsnifata tabedir. Başlıca, təsnifatlardan biri kimi vətəndaş və siyasi hüquqlar, iqtisadi, sosial və mədəni hüquqlar ayırımını göstərmək olar. 1966-cı il Beynəlxalq Paktlarının adında da bu hüquqlar öz əksini tapıb. Bundan əlavə, insan hüquqlarının təsnifatından danışarkən insan hüquqlarının 3 nəslə bölünməsi diqqəti cəlb edir.
Birinci nəsil hüquqlara vətəndaş (ingiliscə mətndə “civil” deyə keçir, Azərbaycan dilinə bəzən “mülki” kimi tərcümə olunur) və siyasi hüquqlar aiddir. Birinci nəsil hüquqlara təbii hüquqlar da deyilir. Birinci nəsil hüquqlara misal kimi, yaşamaq hüququnu, azadlıq hüququnu, sərbəst toplaşmaq hüququnu, ədalətli məhkəmə araşdırması hüququnu, ifadə azadlığını, seçki hüququnu və s. göstərmək olar.
İkinci nəsil hüquqlara iqtisadi, sosial və mədəni hüquqlar aiddir. Bu hüquqlara misal kimi mənzil hüququ, təhsil hüququ, əmək hüququ, sağlamlıq hüququ və s. göstərmək olar.

 


Üçüncü nəsil hüquqlar – bu sonradan edilən bir təsnifatdır. Üçüncü nəsil hüquqlara sağlam ətraf mühitdə yaşamaq hüququ, öz müqəddəratını təyin etmə hüququ, ölkənin təbii sərvətlərinə hüquq və s. misal göstərmək olar. Üçüncü nəsil hüquq təsnifatı əslində qeyri-rəsmi təsnifatdır.
Bu birinci nəsil, ikinci nəsil ayırımı əslində  hüquqların xronolojik baxımdan təsnifata tabe tutulmasıdır. Yəni birinci nəsil hüquqlar daha əvvəl meydana gəliblər.
Maraqlı məqam burdadır ki, Ümumdünya İnsan Hüquqları Bəyannaməsində həm birinci nəsil (vətəndaş və siyasi), həm də ikinci nəsil (iqtisadi, sosial və mədəni) hüquqlar öz əksini tapıb. Amma, 1966-cı il Beynəlxalq Paktlarında bunlar bir-birindən ayrılır. Birinci nəsil hüquqlar ayrı Paktda (Vətəndaş və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Pakt), ikinci nəsil hüquqlar isə ayrı Paktda (İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Pakt) təsbit olunub.
Mübahisə yaranır ki, birinci nəsil hüquqlar daha vacibdir, yoxsa ikinci nəsil hüquqlar? Misal üçün, mənzili, təhsili və iş yeri olmayan birinə ifadə azadlığı nəyə lazımdır? Və yaxud; Azadlıq hüququ olmayan birinə mənzil hüququ, əmək hüququ nəyə gərəkdir? Pulu olmayan biri üçün azadlıq hüququnun (hərəkət azadlığının) nə önəmi var?
Bu sualların cavabını axtara-axtara belə nəticəyə gəlmək olur ki, həm mülki və siyasi, həm də iqtisadi, sosial və mədəni hüquqlar bir-birilə yaxından əlaqəlidir. Məhz buna görə də, hər iki nəsildən olan hüquqlar Ümumdünya İnsan Hüquqları Bəyannaməsində əks olunub. Hər iki nəsil hüquqların həmin Bəyannamədə təsbit olunmasının səbəbi ondan ibarətdir ki, hər iki nəsil hüquqların bir yerdə olduğu cəmiyyətdə bu hüquqların təmin edilməsinin mümkünlüyündən söhbət gedə bilər. Əks halda, bu hüquqlar xəyali olaraq qalacaq.
Doğrudan da, vətəndaş və siyasi hüquqlar olmadan, iqtisad, sosial və mədəni hüquqları təmin etmək mümkün olmadığı kimi, ikinci nəsil hüquqlar olmadan da birinci nəsil hüquqların təmin edilməsi də real görünmür ki, bu yanaşmaya da “dolu qarın”   tezisi deyilir.
Sonda bir “şer”lə “dolu qarın” tezisinin mahiyyətini Azərbaycansayağı ortaya qoymaq istəyirəm:
Yeyərsən ətdən-mətdən,
İşləyərsən bərkdən-bərkdən...
Yeyərsən şordan-mordan
İşləyərsən ordan-burdan..... ))

 

Kərimova M.

Comments:

 

Xəbərlər

21.11.2014

CPM-ə Edilən Dəyişikliklər Mövcud Praktikanı Dəyişir.

Son günlər ərzində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə edilən dəyişikliklər illər ərzində mö...

30.09.2014

FIDIC Müqavilələri və onların əsas xüsusiyyətləri mövzusunda iki günlük təlim keçirildi.

“Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası”İctimai Birliyi ilə Remedium Hüquq Mərkəzinin əməkdaşlığı çə...

28.08.2014

Remedium HM-nın həmtəsisçisi və Remedium HK-nın koordinatoru vəkil adını qazandılar.

Remedium Hüquq Mərkəzinin həmtəsisçisi Fuad Qəşəmov və Remedium Hüquq Klinikasının koordinatoru Faiq Kazımov ...