VALİDEYNLİK HÜQUQLARINDAN MƏHRUMETMƏ HALLARI, QAYDASI VƏ MƏHRUMETMƏNİN HÜQUQİ NƏTİCƏLƏRİ

Ümumiyyətlə qeyd etməliyik ki, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Onlar uşaqlarının hüquq və qanunla qorunan mənafelərinin müdafiə edilməsi üçün öhdəlik daşıyırlar. Buna görə də, valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Qanunvericiliyə əsasən, valideynlər uşaqlarının tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa və biganəliyə yol verə bilməzlər. Qeyd edim ki, valideynlik hüquqları həyata keçirilən zaman uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Bu məsuliyyət tədbirlərindən biri valideynlərin valideynlik hüquqlarından məhrum edilməsidir.

Valideynlik hüquqlarından məhrumetmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 64-cü maddəsi ilə tənzimlənir. Ailə Məcəlləsinin sözügedən maddəsində valideynlərin (onlardan birinin) valideynlik hüquqlarından hansı hallarda məhrum edilə bilmələri öz əksini tapıb. Belə ki, valideynlər (onlardan biri) valideynlik hüquqlarından aşağıdakı hallarda məhrum edilə bilərlər:

  1. öz valideynlik vəzifələrini yerinə yetirmədikdə;
  2. alimenti qəsdən ödəmədikdə;
  3. heç bir üzürlü səbəb olmadan uşağı doğum evindən və yaxud hər hansı müalicə, tərbiyə və digər analoji müəssisələrdən götürməkdən imtina etdikdə;
  4. valideynlik hüquqlarından sui-istifadə etdikdə;
  5. uşaqlara qarşı məişət zorakılığı ilə bağlı hərəkətlər törətdikdə;
  6. xroniki alkoqol və narkomaniya xəstəsidirsə;
  7. uşaqların və ya ərinin (arvadının) sağlamlığına və ya həyatına qarşı qəsdən edilmiş cinayət törətdikdə.

 

Göründüyü kimi, yuxarıda qeyd olunan hallardan biri və ya bir neçəsi mövcud odduqda valideynlər (onlardan biri) valideynlik hüquqlarından məhrum edilə bilərlər. Bu zaman belə bir sual yaranır ki, valideynlik hüquqlarından məhrumetmə hansı qaydada həyata keçirilməli və belə işlərə necə baxılmalıdır?

 

Suala cavab olaraq bildirim ki, valideynlik hüquqlarından məhrumetmə yalnız məhkəmə qaydasında həll edilə bilər. Valideynlik hüquqlarından məhrumetmə işlərinə məhkəmə valideynlərdən (və ya onları əvəz edən şəxslərdən) birinin ərizəsinə, habelə yetkinlik yaşına çatmayan şəxslərin hüquqlarını müdafiə edən orqanın müraciətinə əsasən onların iştirakı ilə baxır. Məhkəmə valideynlik hüquqlarından məhrumetmə işinə baxarkən valideynlik hüquqlarından məhrum edilmiş valideynlərdən (onlardan birindən) uşağa aliment tutulması məsələsini də həll edir. Qeyd edim ki, valideynlik hüquqlarından məhrumetmə işinə baxarkən məhkəmə valideynin hərəkətində cinayət əməli olduğunu aşkar edərsə, bu barədə prokurora məlumat verməlidir.

Valideynlik hüquqlarından məhrumetmə işinə dair iddiaya baxan zaman məhkəmə Ailə Məcəlləsinin 64-cü maddəsində müəyyən edilmiş valideynlik hüquqlarından məhrumetmə hallarından birini və ya bir neçəsini müəyyən etdikdə valideynlik hüquqlarından məhrumetmə haqqında qətnamə çıxarır. Bildirim ki, işə baxan məhkəmə sözügedən qətnamə qanuni qüvvəyə mindikdən sonra 3 gündən gec olmayaraq həmin qətnamədən çıxarışı müvafiq icra hakimiyyəti orqanına göndərməlidir.

Valideynlik hüquqlarından məhrumetmə bu hüquqlardan məhrum edilmiş valideynlər üçün hansı hüquqi nəticələrə səbəb olur?

Bildirim ki, valideynlik hüquqlarından məhrum edilmiş valideynlər uşağa münasibətdə həmin uşaqla qohumluq faktına əsaslanan bütün hüquqlarını itirirlər. Bundan əlavə, həmin valideynlər uşaqdan hər hansı təminat almaq, habelə uşaqlar üçün təyin edilmiş dövlət müavinəti almaq və eləcə də imtiyazlardan istifadə etmək hüququnu da itirmiş olurlar. Lakin bütün bunlara baxmayaraq, valideynlik hüquqlarından məhrum edilmiş valideynlər uşaqlarını saxlamağı təmin etmək kimi vəzifələrindən azad edilə bilməzlər. Bu o deməkdir ki, valideynlik hüquqlarından məhkəmə qaydasında məhrum edilmiş valideynlər (onlardan biri) bu hüquqdan məhrumetməyə əsaslanaraq uşaqlarına aliment ödəməkdən imtina edə bilməzlər.

Valideynlik hüquqlarından məhrum edilmiş valideynlər (onlardan biri) ilə uşaqların birgə yaşamaq məsələləri məhkəmə tərəfindən Azərbaycan Respublikasının mənzil qanunvericiliyinə əsasən həll edilir.

Valideynlik hüquqlarından məhrum edilmiş valideynlərin (onlardan birinin) uşaqları hansı hüquqlara malikdirlər?

Ailə Məcəlləsinin 66.4-cü maddəsinə əsasən, valideynlik hüquqlarından məhrum edilmiş valideynlərin (onlardan birinin) uşaqları mənzilə xüsusi mülkiyyət hüququna və ya ondan istifadə hüququna, uşağın valideynlərlə və başqa qohumlarla qohumluq faktına əsaslanan əmlak hüquqlarına, o cümlədən vərəsəlik hüququna malikdir.

Əgər uşağın digər valideynə verilməsi mümkün deyilsə və ya məhkəmədə işə baxılan zaman valideynlərin hər ikisi valideynlik hüquqlarından məhrum edilərsə, uşaq müvafiq icra hakimiyyəti orqanının himayəsinə verilə bilər. Uşağın övladlığa götürülməsi isə valideynlərin (onlardan birinin) valideynlik hüquqlarından məhrum edilməsi haqqında məhkəmənin qətnaməsindən 6 ay müddət keçəndən sonra mümkündür.

Valideynlik hüquqlarından məhrum edilmiş valideynlərin (onlardan birinin) bu hüquqları hansı halda və hansı qaydada bərpa edilə bilər?

Ailə Məcəlləsinin 67.1-ci maddəsinin tələbinə əsasən, valideynlik hüquqları o halda bərpa edilə bilər ki, valideynlərin (onlardan birinin) həyat tərzi, əxlaqı və uşağın tərbiyəsinə münasibətləri dəyişsin. Təbii ki, burada uşağa münasibətdə yalnız müsbət dəyişikliklərdən söhbət gedə bilər. Bildirim ki, valideynlik hüquqlarının bərpası bu hüquqlardan məhrum edilmiş valideynlərin (onlardan birinin) ərizəsinə əsasən yalnız məhkəmə qaydasında həll edilə bilər və belə işə məhkəmədə müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə baxılır. Məhkəmə valideynlik hüquqlarının bərpası işinə baxan zaman belə bərpanın uşağın mənafeyinə zidd olacağı qənaətinə gələrsə, valideynlərin (onlardan birinin) valideynlik hüquqlarının bərpası iddiasını uşağın rəyini nəzərə almaqla rədd edə bilər. Onu da bildirim ki, əgər uşaq 10 yaşına çatıbsa, yalnız onun razılığı ilə valideynlik hüquqları məhkəmə tərəfindən bərpa edilə bilər. Lakin uşaq övladlığa götürülmüşsə və bu övladlığa götürmə ləğv edilməmişsə, valideynlik hüquqları bərpa edilə bilməz.

 

Hazırladı:

Remedium HM-nin Hüquq Klinikasının

Koordinatoru Faiq Kazımov

Comments:

 

Xəbərlər

21.11.2014

CPM-ə Edilən Dəyişikliklər Mövcud Praktikanı Dəyişir.

Son günlər ərzində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə edilən dəyişikliklər illər ərzində mö...

30.09.2014

FIDIC Müqavilələri və onların əsas xüsusiyyətləri mövzusunda iki günlük təlim keçirildi.

“Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası”İctimai Birliyi ilə Remedium Hüquq Mərkəzinin əməkdaşlığı çə...

28.08.2014

Remedium HM-nın həmtəsisçisi və Remedium HK-nın koordinatoru vəkil adını qazandılar.

Remedium Hüquq Mərkəzinin həmtəsisçisi Fuad Qəşəmov və Remedium Hüquq Klinikasının koordinatoru Faiq Kazımov ...