“Xüsusi fərqlənmə nişanı” və “Fərqlənmə nişanı” alınması qaydaları

Hal-hazırda həm hüquqi, həm də fiziki şəxslər sifarişlə və ya öz ehtiyaclarını və ya istehsal fəaliyyətini təmin etmək məqsədilə sərnişin və ya yük daşıma xidmətlərini şəxsi və ya istifadələrində olan avtomobillərlə həyata keçirirlər. Azərbaycan Respublikası qanunvericiliyinə əsasən sifarişlə sərnişin və yük daşıma xidmətlərinin göstərilməsinə görə “Fərqlənmə nişanı”, öz istehsal fəaliyyətini təmin etmək üçün işçilərinin və özünəməxsus yüklərin daşınmasına görə “Xüsusi fərqlənmə nişanı” alınması nəzərdə tutulur.

Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyicilərinə “Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə nişanı” Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi tərəfindən verilir. Avtomobil nəqliyyatı vasitələri ilə sifarişlə sərnişin və yük daşımalarını həyata keçirən şəxslər hər bir avtomobil nəqliyyatı vasitəsi üçün Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyindən təqvim ayının sonunadək öz istəklərinə uyğun olaraq (vergi ödəyicisi kimi uçota alındıqdan sonra):

  1. Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş formada ərizə; və
  2. ərizəyə həmin  fəaliyyət üçün sadələşdirilmiş verginin ödənilməsini təsdiq edən bank ödəniş sənədi (nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının seriya və nömrəsi aydın göstərilməlidir) əlavə edilərək növbəti ay, rüb, yarım il və ya il üçün ciddi hesabat blankı olan “Fərqlənmə nişanı”nı almalıdırlar.

Nəqliyyat Nazirliyi bununla bağlı ərizə daxil olduğu tarixdən 2 gün ərzində ya “Fərqlənmə nişanı”nı və ya  “Fərqlənmə nişanı”nı verməkdən imtina edərsə imtinanın səbəblərini göstərməklə yazılı məlumat verməlidir. "Fərqlənmə nişanı" həyata keçirilən fəaliyyət üçün nəzərdə tutulan vergilərin ödənildiyini təsdiq etdiyi üçün (vergitutma məqsədləri üçün nəzərədə tutulduğuna görə) nəqliyyat vasitəsi üçüncü şəxs tərəfindən alınarkən və ya onun istifadəsinə verilərkən əvvəlki sahib və ya istifadəçi tərəfindən qabaqcadan ödənilmiş vergilər nəzərə alınır və verginin ödənildiyini təsdiq edən "Fərqlənmə nişanı"nın yenidən rəsmiləşdirilməsi tələb olunmur.

“Fərqlənmə nişanı” olmadan avtomobil nəqliyyat vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən şəxslərin qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi Nəqliyyat Nazirliyi tərəfindən aşkar edildiyi təqdirdə Vergilər Nazirliyi məlumatlandırılmaqla Vergilər Nazirliyi tərəfindən həyata keçirilir və buna görə 40 AZN məbləğində maliyyə sanksiyası tətbiq edilir.

“Fərqlənmə nişanı”ndan fərqli olaraq “Xüsusi fərqlənmə nişanı”nı vergi ödəyicisi müəyyən edilmiş formada ərizə ilə müraciət etdikdən sonra 5 gün ərzində verilməlidir. Nəqliyyat Nazirliyi bu nişanı verməkdən imtina edərsə imtinanın səbəblərini göstərməklə ərizənin verildiyi tarixədək 5 gün ərzində yazılı məlumat verməlidir.  İstehsal fəaliyyətini təmin etmək üçün işçilərinin və özünəməxsus yüklərin daşınmasında istifadə olunan avtomobil nəqliyyatı vasitələri sadələşdirilmiş vergi növü üzrə vergitutma obyekti sayılmadığı üçün bu nişanın alınması üçün heç bir əlavə ödənişin həyata keçirilməsi nəzərdə tutulmayıb.

Bundan əlavə Azərbaycan Respublikası qanunvericiliyinə əsasən xüsusi nişan və avadanlıqlarla təchiz olunmuş xüsusi təyinatlı (sahibkarlıq fəaliyyəti çərçivəsində onlara digər vergi ödəyiciləri tərəfindən göstərilən bu cür xidmətlər istisna olmaqla), habelə dövlət hakimiyyəti orqanlarının, büdcə təşkilatlarının və yerli özünüidarəetmə orqanlarının, Azərbaycan Respublikası Mərkəzi Bankının, hasilatın pay bölgüsü, əsas ixrac boru kəməri haqqında və bu qəbildən olan digər sazişlər çərçivəsində fəaliyyət göstərən xarici podratçıların və subpodratçıların, dövlət fondlarının, xarici ölkələrin diplomatik və konsulluq nümayəndəliklərinin, beynəlxalq təşkilatların nümayəndəliklərinin rəsmi istifadəsi üçün nəzərdə tutulan avtomobil nəqliyyatı vasitələri üçün "Fərqlənmə nişanı" və ya "Xüsusi fərqlənmə nişanı" alınmır, sadəcə bu cür avtomobil nəqliyyatı vasitələrinin sahibləri həmin avtomobil nəqliyyatı vasitələri barədə Vergilər Nazirliyinə məlumat verməlidir.

 

Hazırladı:

Remedium HM-nin sədri

Əli Əliyev

Comments:

 

Xəbərlər

21.11.2014

CPM-ə Edilən Dəyişikliklər Mövcud Praktikanı Dəyişir.

Son günlər ərzində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə edilən dəyişikliklər illər ərzində mö...

30.09.2014

FIDIC Müqavilələri və onların əsas xüsusiyyətləri mövzusunda iki günlük təlim keçirildi.

“Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası”İctimai Birliyi ilə Remedium Hüquq Mərkəzinin əməkdaşlığı çə...

28.08.2014

Remedium HM-nın həmtəsisçisi və Remedium HK-nın koordinatoru vəkil adını qazandılar.

Remedium Hüquq Mərkəzinin həmtəsisçisi Fuad Qəşəmov və Remedium Hüquq Klinikasının koordinatoru Faiq Kazımov ...