İnzibati məhkəmə icraatında iddianın mümkünsüzlüyü vətəndaşın hüquq və azadlıqlarının məhkəmə təminatının pozulması hesab edilə bilərmi?

Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiya) 71-ci maddəsinin VI və VII hissələrinə əsasən insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikası ərazisində birbaşa qüvvədədir (1, səh.23). İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir və  məhkəmə hakimiyyətinin ədalət mühakiməsi yolu ilə həyata keçirilməsi Konstitusiyanın 125-ci maddəsinin I hissəsində təsbit edilmişdir (1, səh.48).

Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (1, səh.19). Bu normanın mənasına görə şəxsin məhkəmə müdafiəsi hüququ hər hansı bir çərçivə ilə məhdudlaşdırıla bilməz və bütün məhkəmə instansiyalarına aiddir. Hüquq və azadlıqların müdafiəsinə dair məhkəmə təminatı hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüququdur.

İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci, Konvensiyanın 6-cı, Vətndaş və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddələrinə görə hər bir şəxs, ona qarşı irəli sürülən istənilən cinayət ittihamına baxılması zamanı və yaxud hər hansı bir mülki prosesdə onun hüquq və vəzifələrinin müəyyən edilməsi zamanı qanun əsasında yaradılan səlahiyyətli, müstəqil və qərəzsiz məhkəmə tərəfindən ədalətli və açıq məhkəmə araşdırması hüququna malikdir.

Məhkəmə müdafiəsi hüququnun tam həcmdə həyata keçirilməsi və pozulmuş hüquqların ədalət mühakiməsinin əsas prinsiplərinin tələblərinə cavab verən şəkildə bərpa edilməsi üçün qanunvericilikdə digər təminatlar da nəzərdə tutulmuşdur.

Məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Belə ki, bu hüququn təmin edilməsi, öz növbəsində, pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə və bərpa edə bilən ədalət mühakiməsinin həyata keçirilməsini şərtləndirir. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız inzibati orqanların hərəkət və hərəkətsizliyindən müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu imkanların təkmilləşdirilməsi və onlardan istifadə etmənin daha da səmərəli olması məqsədilə məhkəmə-hüquq sahəsində bir sıra islahatlar keçirilmişdir.

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi (bundan sonra mətndə AR İPM) və  “İnzibati İcraat haqqında” Azərbaycan Respublikasının Qanunun (bundan sonra mətndə “İİH” ARQ) qəbul edilməsi və 01.01.2011-ci il tarixdən etibarən qüvvəyə minməsi Azərbaycan Respublikasında inzibati qanunvericilik sahəsində aparılan islahatlar nöqtəyi nəzərindən əhəmiyyətli nailiyyətdir. Belə ki, AR İPM və “İİH” ARQ-un qəbul edilməsi vətəndaşların hüquqlarının və qanunla qorunan maraqlarının daha səmərəli şəkildə müdafiə olunmasına və inzibati orqanların fəaliyyətinin daha şəffaf və effektik olmasına gətirib çıxaracaqdır. Bu səbəbdən inzibati orqanlarda inzibati icraatı və onların şəxsə yönəlik inzibati fəaliyyət formalarını tənzimləyən vahid qaydaların qanunvericiliyə daxil edilməsi hüquqi dövlət prinsipləri baxımından  çox önəmlidir.

Mövzuda qaldırılan məsələyə aydınlıq gətirmək məqsədilə Azərbaycan Respublikasında həyata keçirilmiş məhkəmə islahatları nəticəsində yaradılmış yeni inzibati məhkəmə instansiyasının Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş funksional vəzifələrinə nəzər yetirilməlidir.

Belə ki, inzibati məhkəmə icraatına dair müddəaların müəyyən edilməsi, eləcə də mülki və inzibati məhkəmə icraatlarına aid qaydaların ciddi fərqləndirilməsi prosessual qanunvericiliyin əsas yeniliklərindən biridir. Bu icraatlar tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin inzibati orqanlardakı pozuntulardan müdafiəsi üçün müəyyən edilmişdir.

Bildiyimiz kimi, AR İPM-nin 2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:

- şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia);

-  inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia);

- inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia);

-  inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia);

- inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia);

- Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia);

- inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara;

- bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına (2, səh. 11-12).

Yuxarıda qeyd olunan maddi hüquq normasının tələblərindən göründüyü kimi, qanunverici orqan inzibati məhkəmə icraatı qaydasında mübahisələndirmə haqqında, məcburetmə haqqında, müəyyən hərəkətləri etməkdən çəkinməyə dair və qanunauyğunluq haqqında iddia növlərini fərqləndirmişdir.

Həmçinin qanunvericilik inzibati məhkəmə icraatında iştirak etmək hüququna fiziki və hüquqi şəxsləri, dövlət orqanlarını və bələdiyyələri aid etmişdir. Bu zaman inzibati məhkəmə icraatının iştirakçıları iddiaçı, cavabdeh və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər sayıldığına görə mülki məhkəmə icraatından fərqli olaraq maraqlı tərəf inzibati məhkəmə icraatının iştirakçısı hesab edilmir. Həmçinin inzibati məhkəmə icraatını mülki məhkəmə icraatında fərqləndirən əsas xüsusiyyət ondan ibarətdir ki, bu icraatda bütün hallarda cavabdeh qismində bir qayda olaraq inzibati orqan çıxış edir.

Vətəndaşın inzibati orqanın hərəkət və hərəkətsizliyi nəticəsində pozulmuş hüquqlarının və qanunla qorunun maraqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməsi onun konstitusion hüququdur. Göründüyü kimi, şikayətin məğzi inzibati orqanın hərəkət və hərəkətsizliyi olduğundan həmin inzibati mübahisənin məhkəmə qaydasında həll edilməsi üçün vətəndaş iddia ərizəsi ilə inzibati-iqtisadi məhkəməyə müraciət etməlidir. Vətəndaşın iddia ərizəsi ilə məhkəmə müraciət etməsi hər bir halda onun iddiasının mümkün sayılması kimi qiymətləndirilə bilməz. Belə ki, qanunvericilik dolayı yolla müəyyən etmişdir ki, istənilən növ inzibati iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yol veriləndir. Bu hüquq institutu (iddianın mümkünsüzlüyü) məhkəmələrin həddən artıq yüklənməsinin qarşının alınmasına və hüquq sabitliyinin təmin olunmasına xidmət edir. Belə ki, vətəndaşın hüquqları və qanunla qorunan maraqları pozulsa da, vətəndaş hüquqlarını və qanunla qorunan maraqlarını pozan inzibati orqana müraciət etmədən birbaşa məhkəməyə müraciət edir ki, bununla da hüquqlarını və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilmir və nəticədə iddiası mümkün sayılmır. Hazırkı mövzunu daha aydın izah etmək üçün aşağıdakı misalı qeyd etməyi zəruri hesab edirəm.

Məsələn, iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, onun fərdi yaşayış evi üzərində tam mülkiyyət hüququ, həmin evin yerləşdiyi 0,30 ha torpaq sahəsi üzərində isə istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və ona Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra mətndə DƏDRX) tərəfindən «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən» çıxarış (bundan sonra mətndə çıxarış) verilmişdir. Həmin çıxarışda texniki səhv olaraq 0,30 ha torpaq sahəsi üzərində istifadə hüququ qeyd edilmişdir ki, bu da onun mülkiyyət hüququnu pozur. Odur ki, göstərilənlərə əsasən məhkəmədən sözügedən çıxarışda düzəliş edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Bu zaman məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddiaçı, iddia ərizəsində DƏDRX tərəfindən verilmiş çıxarışda texniki səhv olaraq 0,30 ha torpaq sahəsi üzərində istifadə hüququnun qeydiyyata alındığını və həmin qeydiyyatın onun mülkiyyət hüququnun pozduğunu göstərsə də, sözügedən çıxarışda düzəliş edilməsi ilə bağlı həmin orqana müraciəti etməsi və həmin orqanın bundan imtinası və ya etirazı barədə hər hansı bir sənədi iş materiallarına əlavə etməmişdir.

AR İPM-nin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir (3, səh.47).

Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda iddia mümkün sayılır.

AR İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir (2, səh.36).

Qeyd olunan qanunvericiliyin tələbinə görə iddiaçı mübahisələndirilən çıxarışı vermiş inzibati orqana rəsmi müraciət etməli və həmin orqan tərəfindən inzibati aktın qəbul edilməsindən imtina olunması yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu müəyyən edildiyi hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır və bu zaman məhkəmə sözügedən iddialarla bağlı inzibati mübahisəyə baxa bilər.

Hesab edirəm ki, məhkəmənin  iddianın mümkün sayılmaması barədə qərardadı qanuni və əsaslıdır. Belə ki, məhkəmə həmin qərardadı qəbul edərkən hesab edir ki, vətəndaşın hüquqları və qanunla qorunan maraqları inzibati orqan tərəfindən pozulmamış və vətəndaş həmin halın mövcudluğunu əsaslandıra bilməmişdir. Bundan başqa, ehtimal xarakterli olsa da, deyə bilərik ki, vətəndaş hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi üçün inzibati orqana müraciət etsə, bəlkə həmin inzibati orqan tərəfindən vətəndaşın müraciətinə baxılaraq tələbi təmin ediləcək və bu zaman vətəndaşın məhkəməyə müraciət etməsinə ehtiyac qalamayacaqdır. Bundan başqa, iddianın mümkünsüzlüyü ilə bağlı iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göründüyü kimi, bu qərardad, yəni inzibati məhkəmə icraatında iddianın mümkünsüzlüyü vətəndaşın Konstitusiyanın 60-cı maddəsində nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmə təminatının pozulması hesab edilə bilməz. Bu səbəbdən, yuxarı instansiya məhkəməsi tərəfindən Konstitusiyanın sözügedən maddəsi əsas tutularaq həmin qərardadın ləğv edilməsi məqsədəuyğun deyildir.

Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur (4, səh.73).

Göründüyü kimi, məhkəmə tərəfindən iddianın mümkün sayılmaması barədə qərardad qəbul edildikdən sonra vətəndaş müvafiq inzibati orqana müraciət etməli və həmin orqan tərəfindən inzibati aktın qəbul edilməsindən imtina olunması yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu müəyyən edildiyi hallarda yenidən (ikinci dəfə)  məhkəməyə müraciət edə bilər. Bu zaman vətəndaşın Konstitusiyanın 60-cı maddəsində nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmə təminatının pozulmasından söz gedə bilməz. O zaman vətəndaşın Konstitusiyanın 60-cı maddəsində nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmə təminatının pozulmasından söz gedə bilər ki, vətəndaşın ikinci dəfə  məhkəməyə müraciət etməsi istisna edilsin.

Yuxarıda qeyd edildiyi kimi, qanunverici orqanın iddianın mümkünsüzlüyü barədə qərardad qəbul edilməsində əsas məqsədi məhkəmələrin həddən artıq yüklənməsinin qarşının alınması və hüquq sabitliyinin təmin olunması olduğundan inzibati məhkəmə icraatında iddianın mümkünsüzlüyü vətəndaşın Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmə təminatının pozulması hesab edilə bilməz.

 

İsrayıl İmamlı

Comments:

 

Xəbərlər

21.11.2014

CPM-ə Edilən Dəyişikliklər Mövcud Praktikanı Dəyişir.

Son günlər ərzində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə edilən dəyişikliklər illər ərzində mö...

30.09.2014

FIDIC Müqavilələri və onların əsas xüsusiyyətləri mövzusunda iki günlük təlim keçirildi.

“Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası”İctimai Birliyi ilə Remedium Hüquq Mərkəzinin əməkdaşlığı çə...

28.08.2014

Remedium HM-nın həmtəsisçisi və Remedium HK-nın koordinatoru vəkil adını qazandılar.

Remedium Hüquq Mərkəzinin həmtəsisçisi Fuad Qəşəmov və Remedium Hüquq Klinikasının koordinatoru Faiq Kazımov ...