Şəxsi və ailə həyatına hörmət hüququ

 

Hər birimizin şəxsi həyatı var və bu heç bir halda məhdudlaşdırıla və ya aradan qaldırıla bilməz. Bizim bu hüququmuz “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya”nın 8-ci maddəsi və Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsi ilə qorunur. Həmin maddələr şəxsi və ailə həyatına hörmət hüququ və şəxsi toxunulmazlıq hüququ adı altında bizim hüquqlarımızı qoruyaraq aşağıda qeyd edilənləri özündə əks etdirir:

 

  1. Hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir.
  2. Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığı, yaxud mənəviyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə hakimiyyət orqanları tərəfindən müdaxiləyə yol verilmir.

Konvensiyanın qeyd olunan maddəsini daha yaxşı anlamaq üçün maddəni hissə hissə izah etmək daha yaxşı olardı. Konvensiyanın 8-ci maddəsi hər kəsin “öz şəxsi” və “ailə” həyatı olduğunu qeyd edir. Avropa məhkəməsi “şəxsi həyat”ı geniş termin olaraq qəbul edir və onun hər hansı anlayışla tam əhatə etmək mümkün olmadığını qeyd edir. Lakin “şəxsi həyat” anlayışının fərdin mənəvi və fiziki toxunulmazlığının qorunduğunu, fərdin kənar şəxslərin diqqətindən uzaq özəl həyat sürmək hüququna malik olduğunu özündə əks etdirir və bu anlayış həm də fərd üçün elə bir mühiti təmin edir ki, həmin mühitdə fərd sərbəst inkişaf edə və öz şəxsi imkanlarını reallaşdıra bilər. Sadə bir şəkildə qeyd edilənləri izah etsək bildirməliyik ki, şəxsi həyat anlayışı, insanların gündəlik tələbatlarını təmin etmək imkanlarına sahib olması və onların məhdudlaşdırılmamasını, fiziki və virtual olan şəxsi münasibətlərə sahib olmasını, heç kimin hətta ailə üzvlərinin belə bilməsini istəmədiyi sirlərə sahib olmasını, ayrıca tənzimlənməsinə baxmayaraq hətta hansı dini seçməsini və s. özündə əks etdirir. “Şəxsi həyat” çox geniş anlayışdır, bu səbəbdən fərdin mənəvi və fiziki toxunulmazlığını aradan qaldıran, sərbəst inkişafına mane olan müdaxilərlə üzləşdikdə bu anlayışın daha yaxşı anlaya bilərik. “Ailə həyatı” anlayışı “şəxsi həyat” anlayışı kimi geniş mənalı deyil. Bu anlayış hər birimizin ailə həyatına hörmət, fərdlərin bir ailə kimi münasibətlərini hansı şəkildə və necə qurmalarını, övladlarını necə tərbiyə etmələrini, ailədaxili münasibətlərin hansı şəkildə qurulmasını, ailədaxili sirlərini gizli saxlamalarını, əlbəttə bütün qeyd edilənlər qanuna zidd olmamalıdır, özündə əks etdirir.

“Mənzilinə” və “yazışma sirrinə” hörmət hüququ ayrıca anlayış olaraq müəyyən edilmişdir. “Mənzil” və “yazışma sirri” ayrı ayrılıqda Azərbaycan Respublikasının konstitusiyası ilə qorunur. Konvensiyada qeyd edilən “mənzil” hüququ Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsi ilə, Mənzil toxunulmazlığı hüququ adı altında qorunur. Bu maddə insanların mənzil toxunulmazlığına malik olduğunu bildirir. Heç kəs məhkəmə qərarı olmadan mənzildə yaşayanların iradəsi ziddinə mənzilinə daxil ola bilməz, araşdırma apara bilməz, şəxsi həyatına müdaxilə edə bilməz, onun rahatlığını poza bilməz. Bildiyimiz kimi mənzil bir mülkiyyətdir. Mülkiyyət hüququmuzda qanunla qorunur. “Yazışma sirri” dedikdə insanların yazdıqları məktubların, yazışmaların ictimai şəkildə nümayiş etdirilməsi, nəşr edilməsi qanunla qadağan edilir və həmin hüququn həyata keçirilməsinə dövlət təminat verir. Yazışmanın sahibi olan şəxsin razılığı olmadan şəxsi yazışmalarını, telefon danışıqlarını və s. nəşr etmək, ictimaiyətə açıqlamaq yalnız qanunla nəzərdə tutulan hallarda, yazışma və telefon danışıqları sahibinin razılığı alındıqdan sonra mümkündür.

Konvensiyanın digər maddələri ilə tənzimlənən hüquqlar kimi bu hüquq da ictimai maraqlar naminə məhdudlaşdırla bilər. Konstitusiyanın və Konvensiyanın sözü gedən hüququ tənzimləyən maddələrinə nəzərə saldıqda məhdudiyyətlər yalnız  qanun çərçivəsində, ictimai maraqlar naminə, cinayət işinin istintaqı zamanı həqiqəti üzə çıxarmaq üçün məhkəmənin qərarı ilə tətbiq edilə və sözü gedən hüquqa müdaxilələr edilə bilər.

Hər birimiz yuxarıda qeyd edilən hüquqlara sahibik. Şəxsi və ailə həyatına hörmət hüququ, yazışma sirri və mənzil toxunulmağımız bizim öz hüquqlarımızı bildiyimiz halda mövcud olacaq və tətbiq edilməsi asanlaşacaq. Hüquqlarınızı öyrənin və digər insanlara onları öyrədin ki, cəmiyyətimiz inkişaf etsin və hüquqlarımız pozulmasın.

 

Əhmədov H.

Comments:

 

Xəbərlər

21.11.2014

CPM-ə Edilən Dəyişikliklər Mövcud Praktikanı Dəyişir.

Son günlər ərzində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə edilən dəyişikliklər illər ərzində mö...

30.09.2014

FIDIC Müqavilələri və onların əsas xüsusiyyətləri mövzusunda iki günlük təlim keçirildi.

“Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası”İctimai Birliyi ilə Remedium Hüquq Mərkəzinin əməkdaşlığı çə...

28.08.2014

Remedium HM-nın həmtəsisçisi və Remedium HK-nın koordinatoru vəkil adını qazandılar.

Remedium Hüquq Mərkəzinin həmtəsisçisi Fuad Qəşəmov və Remedium Hüquq Klinikasının koordinatoru Faiq Kazımov ...