İstehlakçılar və onların hüquqları

Geniş mənada istehlakçı varlığını, həyatını və fəaliyyətlərini davam etdirə bilmək üçün mal və xidməti əldə edən və onu istifadə edən şəxslərə deyilir. İqtisadi mənada isə, istehlakçı şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxsdir. Cəmiyyətdəki bütün şəxslər istehlakçıdır. Bu baxımdan istehlakçı hüquqlarının qorunması, insanların hüquqlarının qorunması deməkdir. Çünkü insanların şəxsi tələbatları onların iqtisadi və sosyal-mədəni təlabatları deməkdir. Yəni dünyaya gəlişilə hər bir insan istehlakçıya çevrilir. İstehlakçı olmaq üçün heç də həmişə ticarət, iaşə və ya məişət xidmət obyektinə getməyiniz gərəkmir. Evdəykən, televizora baxarkən, radio dinləyərkən də siz bir istehlakçısınız.

 

Günümüzdə istehsalda baş vermiş inkişaf istehlakçıya təqdim olunan məhsul növünü və çeşidini artırmışdır. Artıq bazarda arzuladığımız məhsulu arzuladığımız qiymətə tapmaq imkanımız var. Bu da bizə sərbəst seçim imkanı verir. Amma bəzən seçmiş olduğumuz məhsul və ya xidmətin xüsusiyətləri bizim ehtiyacımızı ya da vermiş olduğumuz pulun dəyərini ödəmir. Aldığımız malın, məsələn komplektləşdirici məmulatların görünməyən xüsusiyətlərini, fiziki-kimyəvi tərkibini anlamamış da ola bilərik. Ya da istehlakçılar onlara təqdim olunan mal və ya xidmətin keyfiyyətini və səmərəliliyini doğru qimətləndirməyə bilərlər. Bəzən satıcının və ya istehsalçının səhv məlumat vermə halları da baş verir. Yəni aldanırıq. Bu bizim yetərli məlumata malik olmamağımızdan irəli gəlir. Belə hallar istehlakçıların hüquqlarının müdafiəsini zəruri edir. İstehlakçıların hüquqlarının müdafiəsi dedikdə onların haqlarını mövcud qanunvericilik bazasına əsasən qorunması nəzərdə tutulur.
İstehlakçı hüquqları hər bir ölkənin Konsititusiyasında göstərilir. Bu hüquqlar bir-birindən ayrılmaz bir halqa zənciri kimidir. Bunlardan birinin pozulması, digərlərinin də təmininə mane olur. İstehlakçıların ən başlıca hüquqlarından olan əsas tələbatlarının ödənilməsi hüququ onların qidalanma, su, elektrik, nəqliyyat, istirahət, xidmətlərdən istifadə, informasiyalardan yararlanma kimi, ən təbii ehtiyacların təmin olunması hüququdur. Bunları bilmək, qoruyub, təkmilləşdirmək və müdafiə etmək üçün onların təhsil alması gərəkir. Məlumat əldə etmə hüququ mal və xidmətləri əldə etmələrinə və istifadələrinə dair doğru qərar verməyə kömək edəcək məlumatların əldə olunması hüququdur. İnsanlar yanlış, qeyri-dəqiq reklam, qüsurlu etiketə qarşı özlərini qoruya bilərlər. Seçmək hüququ, yəni mal və xidmətlərin sərbəst seçilməsi hüququ, onlara çeşidli, keyfiyyətli mal və xidmətlərin fərqli qiymətlərə təklif olunması, satıldıqdan sonra göstərilən xidmətlərin yüksək səviyyədə olması, müqavilədə birtərərəfli üstünlük əldə etməsi, məcburi şərtləri qəbul etdirməsinə qarşı qorunması hüququdur. Sağlamlıq və təhlükəsizlik hüququ isə hər cür mal və xidmətin istehlakçının yaşam və sağlamlığına zərər verməyəcək şəkildə istehlak edilməsi hüququdur. Konsititusiyanın 39-cu maddəsində də qeyd olunduğu kimi hər kəsin sağlam, təhlükəsiz şəraitdə yaşamaq və ətraf mühiti, təbiəti qorumaq hüququ var. Eşidilmək və təmsil edilmək hüququ ilə onlar qanunvericiliklə dəstəklənən öz hüquqlarını müdafiə etmək üçün hökümət və ya qeyri-hökümət təşkilatlarında birləşə, səlahiyyətli orqanlara və məhkəmələrə müraciət edə bilərlər. Son olaraq, bütün bu hüquqları pozulan istehlakçı alınan malın keyfiyyətsiz, qüsurlu olması zamanı malın geri qaytarılması, yenisi ilə dəyişdirilməsi, ilkin vəziyyətin bərpa olunması və ona dəymiş olan zərərin ödənilməsini tələb etmək hüququna malikdir.
Qüsurlu mal satılarkən istehlakçının həmin malı zəmanət müddəti ərzində lazımı keyfiyətdə mala dəyişdirmək, satış qiymətini uyğun məbləğdə azaltmaq, malın qüsurlarını icraçı hesabına aradan qaldırılmaq, həmin mala uyğun digər modelli malla əvəz edilmək və çəkdiyi zərərin ödənilməsini tələb etmək hüququ vardır. Malı dəyişmək tələbi mal olduqda dərhal, olmadıqda isə razılaşdırılmış müddət ərzində yerinə yetirilməlidir. Zəmanət müddəti malın satıldığı gündən hesablanır. Keyfiyyətsiz ərzaq malı satılan halda satıcı həmin malı yararlılıq müddəti ərzində ya keyfiyyətli mala dəyişdirməli, ya da dəyərinin məbləğinin qaytarmalıdır. Yarlılıq müddəti məhsulun hazırlandığı gündən hesablanır. Yararlılıq müddəti ötmüş malların satışı qadağan edilir.
İstehlakçı tərəfindən alınmış malların istifadəsi onun həyatına, sağlamlığına, əmlakına və ətraf-mühitin təhlükəsizliyinə dair qəbul olunmuş normativ sənədlərə uyğun olmalıdır. Əgər bir məhsulun istifadəsi üçün xüsusi qaydalara əməl olunması zəruridirsə, belə halda istifadə qaydaları müəyyənləşdirməli və satıcı da, bunları alıcının nəzərinə çatdırmalıdır. Müəyyən edilmiş vaxtdan artıq istifadə edilməsi təhlükəli ola bilən mallar üçün isə xidmət müddəti müəyyən edilməli və təlimatlarında göstərilməlidir. Təhlükəsizlik tələbinin müəyyən edildiyi mallar məcburi sertfikatlaşmadan keçməlidir. Sertifikat olmadıqda belə malların satışı və istifadəsi qadağan edilir. İstehsalçı və ya icraçı beynəlxalq təcrübələrdə qəbul olunmuş işarələrlə istehlakçıya lazımı məlumatı verməlidir.
İstehsal edilmiş malların üzərində istehlakçını maraqlandıran zəruri və düzgün məlumat verilməlidir. Malların üzərində ticarət markası və ya xidmət nişanı olmalıdır. İstehsal markasında istehsalçı müəssisə haqqında dolğun məlumat olmalıdır. Markada malın standartları, istehsal tarixi, saxlanma şərtləri, tərkibi və enerji dəyəri göstərilməlidir. Yanlış və doğru olmayan məlumat verilməsi istehlakçının lazımı xassələrə malik olmayan malı almağına səbəb olmuşsa, onun itkilərin ödənilməsini tələb etməyə hüququ var. Satıcılar istehlakçıya mal və xidmət seçməkdə köməklik göstərməyə borcludurlar.
Lazımı keyfiyyətli qeyri-ərzaq malı təyinatı üzrə istifadə oluna bilməzsə istehlakçı onu aldığı yerdə 14 gün müddətini keçməmək şərti ilə dəyişdirə bilər. Dəyişdirilməli olmayan malların siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 114 saylı Qərarı ilə müəyyən edilmişdir. Bu məhsullara uşaq geyimləri, alt paltarları, qızıl məmulatları və sair daxildir. Nəzərinizə çatdırmaq istəyirik ki, istehlakçının keyfiyyətsiz məhsulla və xidmətlə əlaqədar olan şikayətinə yalnız o malın alışını və ya sifarişini göstərən sənəd (alış çeki, təmir fakturası, zəmanət talonu və s.) təqdim edildikdə baxılır. Buna görə də məhsulu alarkən və ya xidmətdən istifadə edərkən bunun təsdiqləyən müvafiq sənədi tələb etməyi unutmayın.
İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Siyasəti Departamentinə məktubla müraciət edə biləcəyiniz kimi, rayon şöbələrinə də müraciət edə bilərsiniz. Çalışın ki, məktubunuza təsərrüfat subyekti, məhsulun markası, şikayətiniz, ünvan və telefonunuz və məhsulla bağlı digər məlumatları əlavə edəsiniz. Daxil olan bu şikayətlərin öncə qanunauyğunluğunu araşdırılır və daha sonra şikayətçi ilə görüşüb şikayətin məzmunu müvafiq təsərrüfat subyektinə bildirir. Təsərrüfat subyekti ilə şikayətçi (istehlakçı) razılaşmadıqda məhsul ekspert və laboratoriya analizinə verilir və alınan rəy əsasında təsərrüfat subyekti haqqında mövcud qanunvericiliyə uyğun olaraq tədbir görülür.
Unutmayın ki, sizin bu şikayətiniz sayəsində məhsul müayinəyə verilir, qanun pozuntusu araşdırılır və sonrakı xidmət və istehsal proseslərində oxşar səhvlərin baş verməsinin qarşısı alınmasına, ərzaq təhlükəsizliyi və keyfiyyət səviyyəsi yüksəldilməsinə şərait yaratmış oluruq. Hər birimiz hüquqlarımızı örənib tətbiq etsək və bunu vərdiş olaraq həyatımızın bir parçasına çevirsək digərlərinin də hüquqlarını müdafiə etməyə sövq etmiş olarıq.

 

Rəhimov E.

Comments:

 

Xəbərlər

21.11.2014

CPM-ə Edilən Dəyişikliklər Mövcud Praktikanı Dəyişir.

Son günlər ərzində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə edilən dəyişikliklər illər ərzində mö...

30.09.2014

FIDIC Müqavilələri və onların əsas xüsusiyyətləri mövzusunda iki günlük təlim keçirildi.

“Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası”İctimai Birliyi ilə Remedium Hüquq Mərkəzinin əməkdaşlığı çə...

28.08.2014

Remedium HM-nın həmtəsisçisi və Remedium HK-nın koordinatoru vəkil adını qazandılar.

Remedium Hüquq Mərkəzinin həmtəsisçisi Fuad Qəşəmov və Remedium Hüquq Klinikasının koordinatoru Faiq Kazımov ...