Azərbaycanda insan hüquqları ilə bağlı bəzi problemlər

İnsan hüquqlarının təmin edilməsi bütün sivil cəmiyyətlərin prioritet istiqamətlərindən biridir. Azərbaycan dövləti müstəqillik qazandıqdan sonra insan hüquqlarının təmin edilməsi üçün müəyyən səylər göstərsə də, insan hüquqlarının təmin edilməsi baxımından problemlər var. Bəzi hüqular barədə konkret misallar göstərməklə ümumi mənzərəni gözləriniz önündə canlandırmaq istəyirəm.
Yaşamaq hüququ – Bu hüquqla bağlı pozuntular geniş yayılmasa da, “yoxdur” desək yanılmış olarıq. Burada bir neçə fakta toxunmaq lazımdır. Kütləvi informasiya vasitələrindən adı hamımıza bəlli olan Elvin Əsgərovun hadisəsinə nəzər salaq. Bu misalı çəkməklə həmin hadisədə yaşamaq hüququnun dövlət tərəfindən pozulduğunu sübuta yetirmək kimi bir iddiam yoxdur. Sadəcə pozuntunun olub-olmamasını müəyyənləşdirmək üçün bəzi dəyərləndirmə meyarlarına toxunmaq istəyirəm. Birincisi, müəyyən etmək lazımdır ki, şəxs polis tərəfindən tutulanda hansı vəziyyətdə idi, sonradan hansı vəziyyətə düşdü? İkincisi, konkret ölüm faktı ilə bağlı cinayət işi başlamalı, polislərin əməlində cinayət tərkibinin olub-olmadığı aydınlaşdırılmalı, əgər mərhumun ölümündə onları təqsiri sübuta yetirilərsə, onlar dərhal tutduqları vəzifədən uzaqlaşdırılmalı və cinayət məsuliyyətinə cəlb edilməlidirlər. Bu baxımdan, qeyd etməliyəm ki, dövlətin üzərinə effektiv istintaq tədbirləri həyata keçirmək vəzifəsi düşür.

 

Mülkiyyət hüququ – Bu sahədə Azərbaycanda öz sadə həllini gözləyən kifayət qədər problemlər var. Ən başlıcası, özbaşına tikili məsələsidir. Əslində “özbaşına” ifadəsi tikintini aparan şəxs baxımından yox, tikinti “göz yuman” məmur baxımından həqiqəti ifadə edir. Çünki, Azərbaycanda sahə müvəkkilinin, icra hakimiyyətinin nümayəndəsinin “icazə”sini almadan daşı daş üstə qoymaq mümkün deyil. İkinci məsələ, ictimai ehtiyaclar üçün hər hansı fərdin evi söküləndə ona ədalətli kompensasiya verilməməsi problemini qeyd etmək olar. Burada da hüququn pozulması baxımından məmur özbaşınalığı ön plana çıxır. Növbəti problem kimi, yeni tikililərlə bağlı yaranan problemi göstərmək olar. Yeni tikililər özləri ilə bərabər yeni problemlər gətirdilər. Yeni tikilən bina təhvil alınmadan yeni sahiblərinə müqavilə ilə satılır. Bina təhvil verilmədən hər hansı mənzilin sahibi öz mənzili ilə bağlı mülkiyyət hüququnu təsdiq edən sənəd ala bilmir. Həmin sənədi almadığına görə də mülkiyyətindən istifadə zamanı çoxsaylı problemlərlə üzləşir. Mülkiyyət hüququ ilə bağlı ən çox yayılan problemlərdən biri də bələdiyyə və ARDNŞ arasında meydana gələn anlaşılmazlıqdır. Bələdiyyə qeyri-qanuni sənəd verərək ARDNŞ balansında olan torpaq sahəsini vətəndaşlara satır. Sonradan, hətta bir çox hallarda tikinti aparılandan sonra, ARDNŞ məhkəməyə müraciət edərək heç bir kompensasiya verilmədən  həmin tikilini sökdürür.
Sərbəst toplaşmaq azadlığı – Bu azadlıq demokratiyanın əsas elementlərindən biridir.  Bu hüququn pozuntusu “icazə” məsələsində ortaya çıxır. Burada bir məqama diqqət yetirmək lazımdır ki, dövlətin hər hansı yığıncaq keçirilməzdən əvvəl xəbərdarlıq, bildiriş tələb etməsi bu hüquqa müdaxilə sayılmır. Çünki, dövlətin ictimai asayişi qorumaq kimi bir vəzifəsi var və bu vəzifəni həyata keçirmək üçün o keçirilən aksiyadan xəbərdar olmalıdır. Lakin, məsələ icazə həddinə gəlincə bu artıq müdaxilə mahiyyətindədir və dövlət bu müdaxiləni kifayət qədər ciddi əsaslandırmalıdır. Digər tərəfdən, dövlətin sərbəst toplaşmaq azadlığını “digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi” əsası ilə məhdudlaşdırması bu hüququn pozuntusu sayılır. Çünki, həmin əsasla sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılması özlüyündə bu hüququ xəyali edir. Dövlətin aksiyaların keçirilməsi üçün əvvəlcədən bəzi yerlər müəyyən etməsi, mənim fikrimcə, yumşaq formada desək düzgün deyildir. Misal üçün, Təhsil Nazirliyinin hər hansı bir qərarına etiraz etmək istəyən tələbələr üçün Xırdalanda stadionda yer ayrılması məntiqsiz görünür.
Azadlıq və toxunulmazlıq hüququ – Bu hüquq əslində çox geniş izahat tələb edən hüquqdur. Lakin, mən bu hüquqla bağlı mövcud problemlərə qısa şəkildə toxunmaq istəyirəm. Azərbaycanda bu hüquqla bağlı problemlər həbs qətimkan tədbirinin seçilməsi zamanı baş verir. Əslində həbs qətimkan tədbiri istisnai bir tədbirdir və həmin tədbirin seçilməsi üçün ciddi əsaslar olmalıdır. Bu cinayət prosessual qanunvericiliyində də təsbit edilmişdir. Lakin, praktikada bu cinayət törətməkdə təqsirləndirilən şəxslər barəsində bir qayda olaraq həbs qətimkan tədbiri seçilir.
Ədalətli məhkəmə araşdırması hüququ – Bu hüquq da geniş tətbiq sahəsinə malikdir. Azərbaycanda bu hüququn tətbiqində məni ən çox maraqlandıran məqam məhkəmə qərarlarının icrasıdır. Bu hüquqla bağlı mövcud olan problemləri qoyaq bir kənara. Məhkəmə qərarlarının icrası ilə bağlı vəziyyət həqiqətən də ürəkaçan deyil. Birinci növbədə qeyd edim ki, normal “İcra haqqında” Qanunumuz var. Amma, həmin qanunun tətbiqi bərbad vəziyyətdədir. Bunu da doğuran səbəblər var: işlərin çoxluğu, icra məmurlarının azlığı, korrupsiya faktoru, icra məmurları üzərində ciddi nəzarətin olmaması və s. Bu hüquqla bağlı əsas qeyd olunmalı məqam odu ki, hər hansı şəxsin xeyrinə ədalətli qərar qəbul olunsa belə həmin qərar icra olunmursa, bu hüquq xəyali hüquqdan başqa bir şey deyil.
Bu siyahını əslində çox uzatmaq olar. Amma, əsl məqsədim bu deyil. Bu məqaləni yazmaqda əsas məqsədim odu ki, Azərbaycanda yaşayan gəncləri insan hüquqları ilə bağlı yaranan problemlərin həllinə çalışmağa təşviq edim. Azərbaycan bir qrup gənc mövcuddur ki, hər vəchlə dövləti müdafiə etməyə çalışır. Bir qrup gənc isə hər bir hadisədə dövləti günahkar çıxarmağa çalışır. Hər iki tendensiya kökündən səhvdir. Buna görə doğru qərar qəbul etməyiniz üçün sizi insan hüquqları ilə bağlı maairflənməyə dəvət edirəm. İnformasiya azlığı mühitində nə qədər ədalətli olsanız belə verdiyiniz qərarlar ədalətli olmayacaq. Ədalətli qərar həm də dolğun informasiyaya söykənən qərardır.

Ələsgərova N.

Comments:

 

Xəbərlər

21.11.2014

CPM-ə Edilən Dəyişikliklər Mövcud Praktikanı Dəyişir.

Son günlər ərzində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə edilən dəyişikliklər illər ərzində mö...

30.09.2014

FIDIC Müqavilələri və onların əsas xüsusiyyətləri mövzusunda iki günlük təlim keçirildi.

“Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası”İctimai Birliyi ilə Remedium Hüquq Mərkəzinin əməkdaşlığı çə...

28.08.2014

Remedium HM-nın həmtəsisçisi və Remedium HK-nın koordinatoru vəkil adını qazandılar.

Remedium Hüquq Mərkəzinin həmtəsisçisi Fuad Qəşəmov və Remedium Hüquq Klinikasının koordinatoru Faiq Kazımov ...