Faciənin faciəsi

Faciənin həyatında ilk faciəsi elə doğulduğu andan başlamışdı. Anası onu dünyaya gətirərkən həyatını itirmişdi. Uşaq vaxtlarından da bəxti heç gətirmirdi.
İllər ötdü... Faciə artıq ailə həyatı qurmuşdu. 3 ildən artıq ailəli olmasına baxmayaraq, uşaqları yox idi. Elə əri Kamal buna görə də ondan boşanmaq istəyirdi. Çox keçmədi ki, Kamal Faciənin ana olmaq iqtidarında olmadığını başa düşən kimi onu boşadı.
Faciənin ona “faciə” adını verən atası da artıq həyatda yox idi. Sığınmağa kimi kimsəsi olmasa da, atasının sağ ikən onun  adına rəsmiləşdirdiyi iki otaqlı evi var idi.
Faciə şadlıq evlərinin birində xadimə işləməyə başlamışdı. Lakin, çox çətin işin müqabilində aldığı qəpik-quruş onun dolanışığına yetmirdi.

Günlərin bir günü qonşuluqda yaşayan Məsləhət xala ona məsləhət verdi ki, ay qızım onsuz da bütün günü işdə olursan, evə də lap gec gəlirsən, bəzən olur işin çoxluğundan heç gəlmirsən. Otaqlarından birini kirayə ver, həm evinə göz-qulaq olarlar, həm də beş-üç qəpik əlavə pul qazanıb dərdi-sərivə xərcləyərsən. Məsləhət xalanın məsləhəti Faciənin ağlına yaman batmışdı. Faciə evinin bir otağını kirayə vermək məqsədilə elan da verdi.
Bir həftə sonra cavan bir ailə Faciəni axtarıb tapıb onun evində kirayə qalmaq istədiklərini bildirdi. Cavan ailənin başçısı Fərasət hər yola baş vururdu ki, evə gələndə əli boş gəlməsin. O gah ev almaq istəyənə ev, satmaq istəyənə müştəri tapır, gah təmir işləri ilə məşğul olur, gah da özünü hüquqşünas kimi qələmə verərək hüququ pozulanların dərdinə çarə qılmağa çalışırdı. Yoldaşı Əmanət də o gələnə kimi biş-düş edir, 13 yaşlı Poladın qeydinə qalır və ev işləri ilə məşğul olurdu. Polad 13 illik ömründə 13 dəfə başqa-başqa evlərə köçüb orda yaşamaq və 13 məktəb dəyişdirmək məcburiyyətində qalsa belə dərslərin yaxşı oxuyur, idmana həvəs göstərir və “gün gələcək mən polis olacam” deyirdi.
Aylar keçir, fəsillər dəyişir, illər bir-birini əvəz eliyir, Faciə ilə kirayə yaşayan ailə mübahisəsiz yola gedirdi. Amma, bu sükut, bu mübahisəsizlik çox davam eləmir. Fərasət və Əmanət artıq özlərini evdə “ağa” kimi aparmağa başlayır. Faciə evə gec gələndə qapını onun üzünə açmır, hətta bəzən Faciə gecə qapının ağzında gecələməli olurdu. Bu mübahisə get-gedə böyüyür və münaqişəyə çevrilməyə başlayır.
Faciə yenə də üz tutur Məsləhət xalanın yanına ki, ay Məsləhət xala, bu nə oyun idi mənim başıma gəldi, elə bil, mən kirayə qalıram o evdə, iş o yerə çatıb ki, mənim üzümə qapını da açmırlar. İndi mən neyniyim, başıma haranın daşını töküm. Məsləhət xala deyir ki, ay bala, narahat olma, verərsən məhkəməyə, vəssalam.
Faciə yenə də Məsləhət xalanın məsləhətinə qulaq asıb Fərasəti və Əmanəti məhkəməyə verir. Bundan sonra, aralarındakı mübahisə daha da dərinləşir. Hətta iş o yerə çatır ki, Fərasətlə Əmanət Faciəni evə buraxmır, onun əşyalarını bayıra qoyub, onu evdən qovurlar.
Birinci instansiya məhkəməsində (rayon məhkəməsi) Fərasət və Əmanət Faciənin məhkəmə iclasına gəlməməsindən istifadə edib Faciəyə qarşı qaldırdıqları mübahisəli evə mülkiyyət hüququnun tanınması barədə qarşlıqlı iddialarını təmin etdirə bilirlər. Məhkəmənin bu qərarı ilə razılaşmayan Faciə apellyasiya məhkəməsinə şikayət verir.
Apellyasiya məhkəməsində məhkəmə iclasına Hakimə xanım sədrlik edir. Hakimə xanım, məhkəmə iclasında tərəflərə bildirir ki, bu işi dərindən araşdırmaq lazımdı, həm də elə eləmək lazımdı ki, “nə şiş yansın, nə də kabab”.
Faciə məhkəməyə evin mülkiyyətçisi olduğu barədə sənədləri, Fərasət isə məcburi köçkün olduqları barədə sənədləri təqdim edir.
Qərar qəbul edərkən də Hakimə xanım deyir ki, bütün iş materiallarını araşdırıb hesab edirəm ki, mübahisəli evin mülkiyyət hüququ Faciəyə məxsusdur, lakin Fərasət və Əmanət Məmmədovların Ağdam rayonundan məcburi köçkün olduqları, onların yanında azyaşlı Poladın olduğunu da nəzərə almaq lazımdır. Buna görə də, Hakimə xanım mübahisəli evin mülkiyyət hüququnun Faciəyə məxsus olması, cavabdehlər Fərasət və Əmanət Məmmədovların həmin evdən məcburi qaydada çıxarılmaları, cavabdehlərin Ağdam rayonunda yerləşən daimi yaşadıqları evə qayıtmağın mümkünsüzlüyünü, himayələrində azyaşlı Polad Məmmədovun olduğunu  və onların başqa yaşayış yerinin olmadığını nəzərə alaraq, qətnamənin icrasının Ağdam işğaldan azad olunana qədər təxirə salınması barədə qətnamə qəbul edir.
Faciə Apellyasiya Məhkəməsinin qəbul etdiyi qərardan kassasiya şikayəti verir. Ali Məhkəmə apellyasiya məhkəməsinin qəbul etdiyi qətnaməni qanuni və əsaslı hesab etdiyindən qüvvədə saxlayır.
Ali Məhkəmənin bu qərarından sonra Faciə öz evindən didərgin düşür. Onu öz evinə heç yaxınlaşmağa da qoymurlar.
Hər şeydən çarəsi kəsilən Faciə işlədiyi şadlıq evində gecələr də qalmalı olur. Bir neçə ay bu minvalla işləyən Faciə özü kirayə qalmaq qərarına gəlir və şadlıq evinin sahibi Şadoğlan müəllimə yaxınlaşır: “Şadoğlan müəllim, düzdür neçə aydı, burda qalıram, burda yeyirəm, burda dolanıram. Amma, bu 4 ayda gördüyüm işin müqabilində bircə qəpiyin də yiyəsi olmamışam. Yaxşısı budu ki, işlədiyim 4 aya görə mənim əmək haqqımı verəsiniz, mən öz başıma çarə qılım.” Şadoğlan müəllim, bu sözləri eşitcək “sən necə də yaxşılıq itirən adamsan, burda yaşa, burda ye, iç, hələ üstəlik məndən pul da istə. Mən hələ sənin kimi qırmızı adam görməmişəm. Ayın-oyunlarını da yığışdır, cəhənnəm ol burdan. Rədd ol.”
Faciə küçədə yaşaya-yaşaya əmək haqqı tələbi ilə bağlı məhkəməyə müaciət etsə də, yazılı şəkildə əmək müqaviləsi bağlanmadığına görə məhkəmə onun iddiasının rədd edilməsi barədə qərar çıxarır.
Məhkəmə mübahisələrinin davam etdirməyin mənasız olduğunu düşünən Faciə çıxış yolunu dilənməkdə görür.
Bir gün Faciə dilənçilik etmək üçün ticarət mərkəzlərinin birinin qabağında oturub dilənirdi ki, ticarət mərkəzindən alış-verişdən çıxan bir xanım ona iyirmi manatlıq uzatdı. İyirmi manatlıq əskinazı görən kimi əvvəlcə sevincək olan Faciə başını yuxarı qaldırıb ona pul verən qadının üzünü görəndə onun üstünə hücum çəkib -  Allah səni öldürsün, mən sənə görə bu vəziyyətə düşmüşəm, sən hələ utanmadan mənə pul da verirsən – deyərək onun saçlarını yolmağa başlayır. Hadisəni görən polislər Faciəni dəyənəklə əzişdirəndən sonra Faciə əlini qadının saçlarından buraxır. Dili güclə söz tutan Faciə - mənə dəyən dəyənəklər sənə dəysin – deyə-deyə polislər tərəfindən hadisə yerindən uzaqlaşdırılır.
Faciənin hücumuna məruz qalan qadın Apellyasiya Məhkəməsinin hakimi Hakimə xanım idi. O, bu hadisədən sonra çox pis olur, bir müddət məzuniyyət götürsə də özünə gələ bilmir. Onun icraatına analoji qəbildən başqa iş gələrsə fərqli, daha ədalətli qərar qəbul edəcəyinə söz verir.
Bu hadisənin üstündən illər ötür. Hakimə xanım onun icraatına daxil olmuş eyni qəbildən olan işə baxmalı olur. Bu zaman o Faciəni xatırlayır. Heç bir şərt gözləmədən cavabdehlərin iddiaçının mənzilini boşaltmaları barədə qərar çıxarır. Bu dəfə cavabdehlər Məhkəmə Hüquq Şurasına, Ədliyyə Nazirliyinə və digər orqanlara Hakimə xanımın “özbaşınalığından” silsilə şikayətlər yazmağa başlayır. Çox keçmir ki, Hakimə xanım “hakimlik vəzifəsinin icrası zamanı yol verdiyi kobud səhvlərə, hakimlik adına yaraşmayan etdiyi hərəkətlərə görə” vəzifəsindən kənarlaşdırılır. Bu azmış kimi, mətbuatda haqqında silsilə yazılar dərc olunur.
Ona qarşı edilən haqsızlığa dözə bilməyən Hakimə xanım Məhkəmə Hüquq Şurasının qarşısına gələrək bir neçə tərəfdarı ilə birlikdə aksiya keçirməyə cəhd göstərir. Polisin xəbərdarlığına məhəl qoymayan Hakimə xanım aksiyanı günlərlə davam etdirəcəyini bildirəndə cavan bir polis tərəfindən amansız bir şəkildə “döyənəklənir.” Gənc polis nəfəri sınaq imtahanı verirmiş kimi nümayişkəranə tərzdə Hakimə xanıma güc tətbiq etməkdə davam edirdi. Polisin müdaxiləsindən sonra qanunsuz aksiya dağıdılır. Gənc polis nəfəri Polad Fərasət oğlu Məmmədov “qanunsuz keçirilən aksiyanın dağıdılmasında göstərdiyi xüsusi fədakarlığa” görə mükafatlandırılır.
Faciənin ona dediyi son sözləri yadından çıxara bilməyən Hakimə xanım ömrünün qalan hissəsini hüquq müdafiəçiliyinə həsr edir.
Baş verən hadisələrdə bir neçə il keçir. 2020-ci ilin baharı yaxınlaşır. Azərbaycan diplomatlarının uğuru nəticəsində sülh yolu ilə Qarabağ münaqişəsi həll olunur. Dövlət başçısı dövlət telekanallarına müsahibəsində qeyd edir: “Biz, illərdir davam edən Dağlıq Qarabağ münaqişəsini öz xeyrimizə həll edə bildik. İndi, Azərbaycan insanının üzərinə böyük məsuliyyət düşür. Bütün qaçqın və məcburi köçkünlər öz doğma yurdlarına qayıtmalı, Dağlıq Qarabağın çiçəklənməsi üçün xüsusi fədakarlıq göstərməlidirlər.”
Dövlət başçısının müsahibəsindən sonra “qətnamənin icrası Dağlıq Qarabağ işğaldan azad olunan qədər təxirə salınsın” tipli məhkəmə qərarlarının icrasına başlanılır.
Bu xəbəri eşidən Hakimə xanım tez-tələsik Faciəni axtarıb tapır. Bu şad xəbəri onunla bölüşür və onu məhkəmə qərarlarının icrası şöbəsinə aparır. İcra Şöbəsində sabah onun evinin boşaldılıb ona təhvil veriləcəyi bildirilir.
Faciə hadisələrin bu cür cərəyan etməsinə inana bilmir. Gecəni Hakimə xanımın evində qalır. Səhərin açılmasını gözləyir. Sabahdan onun həyatında dönüş nöqtəsi olacağını düşünür. Çünki, Hakimə xanım, ona münasib iş də tapacağına söz vermişdi. Amma, yenə də, Faciə bu qədər faciələrdən sonra həyatın onun üzünə güləcəyinə inanmır.
Səhər açılır, Bakı vaxtı ilə saat 11:00-da icra məmurları qətnaməni tam icra edib, evi boşaldaraq açarları Faciəyə təqdim edəndə Faciənin qəlbinin çırpıntısının səsi eşidilir, az qalır ki, ürəyi döş qəfəsindən qopub yerə düşsün. Hakimə xanım, onu təbrik etmək məqsədilə qucaqlayanda Faciənin boşaldığını hiss edir. Elə bu anda Faciə yerə yıxılır. Təcili yardım vaxtında hadisə yerinə gəlsə də, Faciəni ölümün caynaqlarından qurtara bilmirlər. Faciə artıq sevincindən keçinmişdi.

Əhmədova A.

Comments:

 

Xəbərlər

21.11.2014

CPM-ə Edilən Dəyişikliklər Mövcud Praktikanı Dəyişir.

Son günlər ərzində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə edilən dəyişikliklər illər ərzində mö...

30.09.2014

FIDIC Müqavilələri və onların əsas xüsusiyyətləri mövzusunda iki günlük təlim keçirildi.

“Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası”İctimai Birliyi ilə Remedium Hüquq Mərkəzinin əməkdaşlığı çə...

28.08.2014

Remedium HM-nın həmtəsisçisi və Remedium HK-nın koordinatoru vəkil adını qazandılar.

Remedium Hüquq Mərkəzinin həmtəsisçisi Fuad Qəşəmov və Remedium Hüquq Klinikasının koordinatoru Faiq Kazımov ...